Qərbi Azərbaycan Xronikası: "Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər"
- 07 oktyabr, 2025
- 00:15

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi siyasətçi, sabiq millət vəkili Yusif Bağırzadə olub.
"Report" xəbər verir ki, o, rusların Cənubi Qafqaza daxil olduqları andan etibarən xalqımız dəfələrlə deportasiyalara məruz qalıb, günahsız azərbaycanlılar qətlə yetirildiyini qeyd edib.
Bu proses XVIII əsrin ortalarından XX əsrin sonlarına qədər müxtəlif illərdə təkrarlanıb. Tarixi Azərbaycan torpaqları parçalanıb, onun ərazisində Ermənistan kimi qondarma dövlət yaradılıb. Sovet hakimiyyəti illərində də Azərbaycanın bəzi əraziləri əsassız olaraq Ermənistana birləşdirilib. 1988-ci ildə isə Qərbi Azərbaycandakı soydaşlarımız min illər boyu yaşadıqları ata-baba yurdundan deportasiya olunublar. Hazırda 300 mindən çox Qərbi azərbaycanlı tarixi Vətəninə həsrət qalıb.
Y.Bağırzadə deyib ki, Azərbaycan beynəlxalq sənədlərə istinad edərək, soydaşlarımızın geriyə qayıdış hüququnun reallaşdırılmasını istəyir. Müsahib doğulub boya-başa çatdığı Gəncə şəhərində məskunlaşan Qərbi azərbaycanlılardan da danışıb. Onun sözlərinə görə, soydaşlarımız ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirir, Gəncənin mədəni, sosial, iqtisadi həyatında mühüm rol oynayırlar. Buna rəğmən, onlar ata-baba yurdlarına qayıtmağı daim gündəmdə saxlayırlar. Onların bu istiqamətdə atdığı hər bir addım beynəlxalq hüquqa söykənir.
Siyasətçi Y.Bağırzadə diqqətə çatdırıb ki, ermənilər ötən əsrin əvvəlində sadəcə Azərbaycanda, Türkiyədə, İranda deyil, Özbəkistanda da kütləvi qırğınlar törədiblər. Bolşevik libasına bürünən ermənilər 1918-ci ildə təkcə Fərqanədə 35 min özbək türkünü amansızlıqla qətlə yetiriblər. Ermənilərin əsas hədəfi özbək xalqının elit təbəqəsini tamamilə məhv etmək olub ki, sonradan onları rahatlıqla idarə edə bilsinlər. Təəssüf ki, bu qırğınlardan sonra qardaş özbək xalqı repressiyalara, deportasiyalara da məruz qalıb. 1944-cü ildə isə ata-baba yurdundan sürgün olunan Məhsəti türkləri düz 44 il sonra – 1988-ci ildə kütləvi zorakılıqlar və soyqırımı ilə üzləşiblər. Bu hadisələrdə çoxsaylı günahsız türk qətlə yetirilib, müxtəlif işgəncələrə məruz qalıb.
Y.Bağırzadə vurğulayıb ki, indiki Ermənistan dövləti soydaşlarımızın qayıdış hüququnu tanımalı, onların təhlükəsizliyinə zəmanət verməlidir. Onun sözlərinə görə, Qərbi azərbaycanlıların tarixi vətənə qayıtmaq tələbi heç bir halda Ermənistana qarşı ərazi iddiası sayıla bilməz.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:

