Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil
- 08 noyabr, 2025
- 13:48
Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.
"2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən vəd etmişdim ki, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq, ildən-ilə, aydan-aya gücümüz artırdı. Beynəlxalq arenada səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi biz güclü iqtisadiyyat qurmuşuq. Biz iqtisadi müstəqillik qazanmışdıq. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil", - dövlət başçısı qeyd edib.
Prezident vurğulayıb ki, bu bizə daha da siyasi güc verirdi:
"Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər, bizi şanlı Zəfərə yaxınlaşdırırdı. Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik, vətənə sevgi ruhunda tərbiyə etmişik. Bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər".
Dövlət başçısı əlavə edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir, "Böyük Qayıdış" proqramı icra edilir:
"Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır".
İlham əliyev həmçinin qeyd edib ki, enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, bir çox ölkələr üçün, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik.