Tramp ABŞ-nin hazırkı səhiyyə sistemini "dünyanın ən pisi" adlandırıb
- 08 noyabr, 2025
- 20:43
ABŞ Prezidenti Donald Tramp hökumətin fəaliyyətinin qismən dayandırılması fonunda mümkün kompromis təklif edib və respublikaçıları "Obamacare" proqramı çərçivəsində sığorta şirkətlərinə gedən federal vəsaitləri birbaşa vətəndaşlara yönləndirməyə çağırıb.
"Report" xəbər verir ki, o, bu barədə "X"dəki səhifəsində yazıb.
"Respublikaçı senatorlara tövsiyə edirəm ki, "Obamacare" çərçivəsində göstərilən zəif səhiyyə xidmətini qorumaq üçün hazırda parazit sığorta şirkətlərinə yönəldilən yüz milyardlarla dollar birbaşa insanlara göndərilsin ki, onlar özləri üçün daha yaxşı səhiyyə xidmətləri ala və hələ də pula sahib ola bilsinlər", - paylaşımda deyilir. O, həmçinin ABŞ-nin hazırkı səhiyyə sistemini "dünyanın ən pisi" adlandırıb.
Qərb media orqanları qeyd edir ki, Trampın sosial media şərhləri ABŞ Senatının yenidən toplanmasından bir neçə saat əvvəl ortaya çıxıb.
Qanunvericilər şatdauna son qoyulması ilə bağlı fikir ayrılıqları yaşayırlar. Demokratlar ilin sonuna qədər 24 milyon amerikalı üçün müddəti bitəcək səhiyyə subsidiyalarının maliyyələşdirmə qanun layihəsinə daxil edilməsində israrlıdırlar, Respublikaçılar isə Konqresin əvvəlcə maliyyələşdirmə qanun layihəsini heç bir şərt qoymadan qəbul etməli və yalnız bundan sonra hökuməti yenidən açıb digər məsələləri həll etməli olduğunu iddia edirlər.