"Türk dünyasında qadınların gücü" adlı tədbir keçirilib

Biznes
  • 15 oktyabr, 2025
  • 11:46
Türk dünyasında qadınların gücü adlı tədbir keçirilib

Azərbaycan və Türkiyədən olan qadın sahibkarların iştirakı ilə "Türk dünyasında qadınların gücü" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, KOBİA-nın dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Türkiyə Səfirliyinin Baş ticarət müşaviri Gülizar Yavaş və "Samsun qadın sahibkarları" dərnəyinin rəhbəri Şahnaz Dərəli və digər rəsmilər iştirak edib.

MM-in komitə sədri Hicran Hüseynova çıxışında qadının həyatın ayrılmaz bir parçası olmasına diqqət çəkib:

"Əhalinin yarıdan çoxunun qadınlar olduğunu nəzərə alsaq, onlarsız inkişafdan danışmaq mümkün deyil. Odur ki, bu qədər potensial kənarda qalsa, ölkələr necə inkişaf edə bilər?! Əlbəttə, bu, mümkün deyil. Bu səbəbdən də sahibkarlığa maraq göstərən qadınlara hər addımda dəstək olmağa çalışırıq".

Samir Hümbətov öz növbəsində bu ilin 6 ayında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayının 330 mindən çox olduğunu deyib:

"Bu ötən illə müqayisədə təxminən 7 faiz artım deməkdir. Eyni zamanda ötən il təsisçisi qadın olan 2 800-ə yaxın KOB subyekti qeydiyyatdan keçib. Bu da onu göstərir ki, Azərbaycanda qadın sahibkarlığı inkişaf edir və bundan sonra da inkişaf edəcək".

Assosiasiya sədri Səkinə Babayevanın sözlərinə görə, əgər qadının iqtisadi gücü varsa, bu, ailədə həm sabitliyə, həm də sağlam nəsillərin yetişməsinə böyük töhfə verir:

"Ailədə harmoniya, sevgi və hörmət də məhz bu gücün bir parçasıdır".

Türkiyə Səfirliyinin nümayəndəsi G.Yavaş isə qadın sahibkarların sayının artırılmasının vacibliyindən danışıb.

Digər sahibkar Şahnaz Dərəli qadın sahibkarların yalnız evdə məhsul istehsalı və bazarlarda satmaqla məhdudlaşmamalı olduğunu xatırladıb:

"Bəzən hökumətlərin baxış bucağı bu şəkildə formalaşa bilər, amma qadınların potensialı bundan qat-qat böyükdür. Bu gün 10 minlik heyətimiz arasında Türkiyənin ən önəmli sənaye müəssisələrini təmsil edən iştirakçılar var. Misal olaraq, 80 nəfərlik bir dərnək üzvlüyü olan bir şirkət Samsun şəhərində 100 milyon dollarlıq iş həcmi və 5 min nəfərlik işçi qüvvəsi ilə fəaliyyət göstərir. Bu yalnız 80 nəfər üçün bir nümunədir. Samsunda cəsur qadın IT mütəxəssisləri də fəaliyyət göstərir".

Tədbir hər iki ölkə sahibkarlarının müzakirələri ilə davam edib.

Son xəbərlər

Bütün Xəbər Lenti