Orxan Məmmədov: "Azərbaycanda qadınların təsis etdiyi KOB-ların sayı artıb"
- 19 noyabr, 2025
- 11:21
Azərbaycanda təsisçisi qadın olan hüquq şəxs KOB-ların sayı artıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan HR İnsitutunun və "Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda keçirilən "Women's Entrepreneurship Summit 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, qadın sahibkarlığının inkişafına nail olmadan ölkənin iqtisadi potensialından effektiv şəkildə istifadə mümkün deyil: "Bu baxımdan, qadın sahibkarların biznes fəaliyyətinə başlaması və genişləndirməsi üçün əlverişli mühitin yaradılması, eləcə də onların qarşılaşdığı maneələrin aradan qaldırılması müasir dünyada əksər hökumətlərin qarşısında duran çağırışlardan biridir. Beynəlxalq araşdırmalar göstərir ki, ilkin mərhələdə daha az maliyyələşməsinə baxmayaraq, qadın startaplar sonradan daha çox inkişaf edir və beşillik fəaliyyəti ərzində 10 % daha artıq gəlir yaradır. Eyni zamanda, qadın startaplar investisiyaların gəlirə çevrilməsi baxımından da daha effektiv olurlar və yatırılmış hər 1 dollar üzrə 78 sent gəlir əldə etməyi bacarırlar".
Sədr bildirib ki, bu il yanvarın 1-nə, Azərbaycanda məşğul əhalinin 48 %-ni qadınlar təşkil edib: "2025-ci ilin əvvəlinə olan göstəricilərə görə, ölkədə fəaliyyət göstərən fərdi sahibkarların 23,3 %-ni qadınlar təşkil edir".
O.Məmmədov həmçinin vurğulayıb ki, KOB sektorunda da kifayət qədər qadın sahibkarlar var: "2024-cü ildə təsisçisi qadın olan 2800-ə yaxın hüquqi şəxs KOB subyekti qeydiyyatdan keçib. Bununla da təsisçisi qadın olan hüquq şəxs KOB-ların sayı 13 mini ötüb. Bu da 2023-cü illə müqayisədə 9 % artım deməkdir. Biz də KOBİA olaraq qadın sahibkarlığının inkişafına xüsusi diqqət göstəririk".