Düşənbədə MDB ölkələrinin Elektroenergetika Şurasının 67-ci iclası keçiriləcək
- 19 noyabr, 2025
- 12:58
Sabah Düşənbədə Tacikistanın MDB-yə sədrliyi çərçivəsində təşkilata üzv dövlətlərin Elektroenergetika Şurasının 67-ci iclası keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə Tacikistanın Energetika və Su Resursları Nazirliyi məlumat yayıb.
"İclas əyani və onlayn formatda keçiriləcək. Onun işində MDB ölkələrinin energetika nazirləri, MDB dövlətləri Elektroenergetika Şurası İcraiyyə Komitəsinin sədri, MDB Baş katibinin müavini, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibinin müavini, həmçinin dövlətlərin enerji şirkətlərinin nümayəndələri iştirak edəcəklər", - məlumatda bildirilib.
Gündəliyə əsasən, iştirakçılar MDB və ŞƏT ölkələri arasında əməkdaşlığın praktiki mexanizmlərinin inkişafını, MDB-yə üzv dövlətlərin yanacaq-enerji kompleksinin 2035-ci ilədək inkişaf Strategiyasının (2050-ci ilədək proqnozla) layihəsinin razılaşdırılmasının vəziyyətini, MDB Elektroenergetika Şurası yanında Koordinasiya Şurasında sədrlik məsələlərini və digər mövzuları müzakirə edəcəklər.