Taleh Kazımov: "Bankların 21 milyard manata yaxın kreditləşdirmə potensialı var"
- 19 noyabr, 2025
- 12:58
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, Azərbaycanın bank sektorunun 20,8 milyard manat kreditləşdirmə potensialı var ki, bu da real sektorun maliyyə resurslarına çıxışının geniş olduğunu göstərir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, 10 ayda sektorun öhdəlikləri 6 % artaraq 49,2 milyard manata çatıb: "Depozitlər cəmi öhdəliklərin 73,3 %-ni təşkil edir. Bunun da 15,5 milyard manatı əhalinin əmanətləridir. Dövr ərzində əhalinin əmanətləri 8,7 %, o cümlədən müddətli əmanətləri 15 % artıb. Ümumiyyətlə, son 3 il ərzində əhalinin müddətli əmanətləri orta hesabla ildə 22 % artır. Bu, əhalinin sosial rifahının yaxşılaşması üzrə böyük nailiyyət olmaqla bərabər, həm də bank sisteminə olan yüksək etimadın göstəricisidir. Bu dinamika bir tərəfdən bankların dayanıqlı resursla təminatını gücləndirir, digər tərəfdən isə iqtisadiyyatda nağd dövriyyə və nağd yığımlarının qarşısını alır".