Hindistanlı ekspert: "Asiyada işçilərin əməkhaqlarının az olması artıq üstünlük yaratmır"
- 09 sentyabr, 2025
- 15:21

Asiya ölkələrində işçilərin əməkhaqlarının az olması artıq böyük üstünlük yaratmır, amma tullantıları azaltmaq şirkətləri məhsullarını müxtəlifləşdirməyə və bazarın tələbinə uyğun hərəkət etməyə təşviq edir.
"Report" xəbər verir ki, bunu Hindistandan olan dosent Priyadarshi Dash AQEM Beyin Mərkəzləri Forumunun "Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri" panelində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla birlikdə, bazaryönümlü siyasət və tənzimləyici islahatlar bu şirkətlərin təchizat zəncirlərini diversifikasiya etməsinə və məhsul-portfellərini yeniləməsinə davamlı dəstək təmin edir.
Ekspert əlavə edib ki, Asiya ölkələrində elektronika, avtomobil sənayesi, emal və tekstil kimi qlobal dəyər zəncirinə yüksək səviyyədə inteqrasiya olunmuş sahələrə investisiyalar artmaqdadır ki, bu da regional və qlobal təchizat zəncirlərində sürətlə dəyişən tendensiyaları əks etdirir: "Bu baxımdan, Asiya ölkələrində fəaliyyət göstərən çoxmillətli şirkətlər istehsal bazalarını diversifikasiya etməyə və artan əməkhaqlarının digər bazarlara təsirini azaltmağa çalışırlar. Ticarət açıqlığı ilə birləşən əlverişli vergi və fiskal təşviqlər, tənzimləyici islahatlar və maliyyə bazarlarının liberallaşdırılması bu inkişafı daha da dəstəkləyir. Çinlə yanaşı, Hindistan, Vyetnam, Filippin və digər Asiya ölkələri əsas oyunçular kimi ortaya çıxaraq xammal və digər resursların tədarük imkanlarını genişləndirmiş və regional ixrac üçün yeni bazarlar yaradıb. Asiya ölkələrinin dünya üzrə ixracatı son illərdə davamlı artım nümayiş etdirib. Xüsusilə, Asiya iqtisadi inteqrasiya prosesi çərçivəsində ölkələr arasında ixrac və idxal göstəricilərinin artması da diqqətəlayiqdir".
O əlavə edib ki, beynəlxalq ticarətdəki bu inkişaf təchizatçılar üçün marşrut seçimində müstəqilliyin artırılması və məhsul və xidmətlərin yerli texnoloji yeniliklərlə təkmilləşdirilməsinə imkan yaradır:
"Təchizat zəncirlərinin yenidən formalaşdırılması ilə bağlı son tendensiyaların geosiyasi səbəbləri olsa da, diversifikasiya və dayanıqlığın artırılması, habelə "yaşıl" təchizat zəncirlərinin təşviqi pandemiyadan əvvəl də öz təbii inkişaf tempi ilə davam edirdi. Hazırda Vyetnam və İndoneziya gəmilərin istehsalı və ticarətində aparıcı mövqedədir. Hindistan isə kimya, tibbi avadanlıqlar, generik dərmanlar, elektronika və telekommunikasiya sahələrində dünyanın üçüncü ən əhəmiyyətli istehsal mərkəzi kimi tanınır. Bu, onun bacarıqlı işçi qüvvəsi, dövlət siyasətinin dəstəyi, aşağı əməliyyat xərcləri və əlverişli həyat tərzi ilə bağlıdır."