ƏMDX yeni icarə müqavilələrinin bağlanılmasını 14 %-dən çox artırıb
- 17 sentyabr, 2025
- 17:48

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət əmlakları ilə bağlı 3 154 yeni icarə müqaviləsi bağlayıb.
"Report" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur.
O cümlədən, 8 ay ərzində qeyri-yaşayış sahələrinə dair 426, torpaq sahələrinə dair isə 2 728 müqavilə bağlanılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 1,2 % və 16,7 % çoxdur.
Hesabat dövründə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 30,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 19,8 % çoxdur.
İcarə daxilolmaları proqnozdan 31 % çox icra edilib.
Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, 8 ay ərzində həmin məbləğin 65,9 %-i təmin olunub.