Əl-Məhəmməd: "Azərbaycan-Qətər Biznes Şurası iş adamları üçün yeni imkanlar açacaq"
- 25 noyabr, 2025
- 12:40
Azərbaycan-Qətər Birgə Biznes Şurası iş adamları arasında əlaqələrin genişləndirilməsi və birgə investisiya layihələrinin təşviqi üçün əsas platforma kimi nəzərdən keçirilir.
"Report" Qətər mediasına istinadən xəbər verir ki, bunu Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü və Şuranın həmsədri Məhəmməd bin Cauhar əl-Məhəmməd Dohada Şuranın I iclasında bildirib.
Onun sözlərinə görə, Şuranın yaradılması hər iki ölkənin iqtisadi və ticarət əlaqələrini gücləndirmək niyyətini əks etdirir.
Əl-Məhəmməd vurğulayıb ki, Qətər-Azərbaycan münasibətləri davamlı inkişaf nümayiş etdirir, eləcə də iqtisadiyyat və ticarətdən çoxsaylı sazişlər və memorandumlarla təsdiqlənmiş strateji əməkdaşlığa kimi geniş sahələri əhatə edir.
O qeyd edib ki, son illərdə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, energetika və turizm kimi mühüm sektorlarda əməkdaşlıq nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Bununla yanaşı, Qətər şirkətləri perspektivli Azərbaycan bazarına böyük maraq göstərir.
Nümayəndə vurğulayıb ki, Qətər Ticarət və Sənaye Palatası hər iki ölkənin özəl sektoru arasında xüsusilə ticarət, kənd təsərrüfatı, energetika, turizm və qida sənayesi üzrə tərəfdaşlığın möhkəmləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, Şura biznes əlaqələrinin genişləndirilməsi, yeni istiqamətlərin araşdırılması və investisiyaların cəlb edilməsi üçün bir mexanizm olmalıdır.
Əl-Məhəmməd Palatanın iş adamları arasında birbaşa əlaqələrin qurulmasına kömək etməyə, Qətər və Azərbaycan iqtisadiyyatının davamlı inkişafına töhfə verən birgə layihələrin yaradılmasını dəstəkləməyə hazır olduğunu bildirib. O, hər iki ölkənin biznesmenlərini mövcud imkanlardan və stimullardan faydalanmağa, hər iki iqtisadiyyata və özəl sektora qarşılıqlı fayda gətirəcək səmərəli tərəfdaşlıqları kommersiya ittifaqları qurmağa çağırıb.