İSB beynəlxalq komitədə təmsil olunacaq
- 25 noyabr, 2025
- 14:34
"İcbari Sığorta Bürosu" (İSB) Belçikanın Brüssel şəhərində yerləşən Bürolar Şurasının Daxili Reqlamentlər Komitəsinin (Internal Regulations Committee, IRC) Cənub-Şərq Regional Qrupu (South-Eastern Regional Group) üzrə Komitədə təmsil olunmaq hüququ əldə edib.
"Report" bu barədə İSB-yə istinadən xəbər verir.
Məlumata görə, IRC-nin növbəti dövr üçün keçirilən seçkilərdə İSB 11 səsdən 8-ni qazanıb.
Daxili Reqlamentlər Komitəsi "Yaşıl Kart" sistemində bütün büroların qarşılıqlı fəaliyyətini, iş prinsiplərini və prosedurlarını tənzimləyən, həmçinin sistem üzrə qaydaların təkmilləşdirilməsini həyata keçirən strateji komitələrdən biridir. Bu təmsilçilik İSB-nin beynəlxalq əməkdaşlığının genişlənməsinə və "Yaşıl Kart" sistemi üzrə proseslərin daha effektiv koordinasiyasına mühüm töhfə verəcək.
Qeyd edək ki, Bürolar Şurası avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyasıdır və eyni zamanda "Yaşıl Kart" Sisteminin inzibatçılığı və fəaliyyəti üzrə məsul olan idarəedici təşkilatdır. Şuranın əsas məqsədi "Yaşıl Kart" Sisteminə daxil olan üzv ölkələrdə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin müdafiəsini təmin etməkdir.
İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ilin yanvarın 1-dən etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan "Yaşıl Kart"larının satışı həyata keçirilir.