SOCAR yetkin yataqlar üzrə yeni idarəetmə modelinə keçir

Energetika
  • 25 noyabr, 2025
  • 14:47
SOCAR yetkin yataqlar üzrə yeni idarəetmə modelinə keçir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yetkin yataqların idarə edilməsində hazırda qısamüddətli hasilat hədəflərinə deyil, uzunmüddətli dəyər yaratmağa fokuslanan yeni idarəetmə modelini tətbiq edir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov "SPE Xəzər Texniki Konfransı" çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, yetkin yataqlar fərqli düşüncə tərzi tələb edir: "Biz həcmlərə yox, dəyərə fokuslanmış yeni idarəetmə modelinə keçirik. İnsanların düşüncə tərzinin yenilənməsi bu strategiyanın əsasını təşkil edir. Yetkin yataqların idarə edilməsində hədəfimiz həcm deyil, dəyəri artırmaqdır".

O bildirib ki, SOCAR indiki strategiyası riskləri aradan qaldırmağa və uzunmüddətli dəyər yaratmağa yönəlib: "Yetkin yataqların canlandırılmasında şirkətlərin ən çox buraxdığı iki mühüm səhv var: "SOCAR hazırkı strategiya ilə məhz bu riskləri minimallaşdırmağa çalışır. Birinci təhlükə yanlış maliyyə qərarlarıdır. İkinci böyük risk isə yalnız qısamüddətli hasilat artımına həddindən artıq fokuslanmaqdır. Yataqlar yetkinləşdikdə şirkətlər instinktiv olaraq dərhal nəticə verən əməliyyatlara yönəlirlər".

M. Seyidov bildirib ki, bu yanaşma uzunmüddətli potensialı zəiflədir və strateji inkişafı ləngidir: "Yetkin yatağa köhnə aktiv kimi yox, yeni şərtlərə və məhdudiyyətlərə malik fərqli bir layihə kimi yanaşmaq lazımdır. Əks halda həm dəyər itirilir, həm də uzun perspektivdə inkişaf əngəllənir".

O bildirib ki, dünya üzrə neft hasilatının 70 %-dən çoxu yetkin yataqlardan əldə edir və bu reallıq SOCAR-ın portfelini birbaşa formalaşdırır: "SOCAR hazırda 30-dan çox yataqda 10 minə yaxın quyu idarə edir. Bu yataqların böyük əksəriyyəti 100 ildən çox yaşı olan yetkin sahələrdir. Bu səbəbdən canlandırma bizim üçün seçim deyil - gündəlik fəaliyyətimizin tərkib hissəsidir".

Son xəbərlər

Bütün Xəbər Lenti