"Anglo Asian Mining" Qarabağda yeni mədəndən hasil edilən mis konsentratının satışına başlayıb
- 04 dekabr, 2025
- 13:24
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Britaniyanın "Anglo Asian Mining Plc." (AAM) şirkəti Qarabağ bölgəsindəki yeni "Dəmirli" mis mədənindən mis konsentratının satışına başlayıb.
Bu barədə "Report" AAM-in məlumatına istinadən xəbər verir.
Şirkət xatırladıb ki, əvvəllər Sinqapurun "Trafigura Pte Ltd" transmilli ticarət şirkəti ilə "Dəmirli" mədənində hasil olunan konsentratın satışı haqqında müqavilə imzalayıb.
"Noyabrın 17-30 tarixlərində "Trafigura" şirkətinə 351 ton mis tərkibli 2 055 ton mis konsentratı satılıb. Bu, Azərbaycan hökumətinin payı çıxılmadan satışdan ilkin olaraq 3,6 milyon ABŞ dolları məbləğində ümumi gəlir əldə edilib", - məlumatda deyilir.
Şirkət qeyd edir ki, Gəncə yaxınlığında, Azərbaycan və Gürcüstan arasındakı əsas avtomobil yolunun yaxınlığında yerləşən Dəliməmmədlidə konsentratın saxlanması və çatdırılması üçün ixtisaslaşmış logistika mərkəzi yaradılıb. Logistika mərkəzi 7 hektar ərazidə yerləşən 3 500 kvadratmetrlik tam qapalı anbarı və 1 500 kvadratmetrlik qapalı anbarı əhatə edir. Konsentrat şirkətin yük maşınları ilə "Dəmirli" mədənindən logistika mərkəzinə çatdırılır.
"Bu logistika mərkəzinin yaradılması "Trafigura" və AAM arasında sıx əməkdaşlığı göstərir və mis konsentratının səmərəli və tez satışına imkan verir", - məlumatda deyilir.
Şirkət həmçinin qeyd edir ki, istehsal həcminin artırılmasına yönəlmiş strategiyaya uyğun olaraq, AAM 2025-ci ilin noyabr ayında "Dəmirli" mədənində rekord həcmdə - 1 milyon 951,101 min ton dağ süxuru hasil edib.
"Dəmirli"nin gözləntilərimizə və AAM-ın hasilatı artırmaqla bağlı strategiyasına uyğun olaraq öz tapşırıqlarını yerinə yetirməsindən, həmçinin "Dəmirli"də filiz hasilatının rekord gündəlik və aylıq həcmlərinə nail olmağımızdan məmnunuq", - "Anglo Asian"ın baş direktoru Reza Vəziri bildirib.
"Anglo Asian Mining Plc." proqnozlaşdırır ki, 2025-ci ildə "Dəmirli"də təxminən 4 min ton mis konsentratı hasil ediləcək. 2026-cı ildən etibarən hasilatın ildə təxminən 15 min ton misə qədər artması gözlənilir. Mədənin istismar müddəti geoloji və mineral ehtiyatlar modelinin daha da inkişaf etdirilməsindən sonra müəyyən ediləcək.
Yataqda təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir.
Qeyd edək ki, hazırda "Anglo Asian Mining" "Gədəbəy" və "Qoşa" müqavilə sahələrindən qiymətli metal hasil edir.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, "Anglo Asian Mining PLC" şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.