30 il ərzində Almaniyanın Azərbaycana investisiyaları 900 milyon dolları ötüb
- 07 oktyabr, 2025
- 12:46

Bu ilin oktyabrın 1-nə Azərbaycanda 199 Almaniya şirkəti fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Almaniya-Azərbaycan İxrac Maliyyə Konfransı 2025"in açılış mərasimində bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan və Almaniya arasında güclü iqtisadi əlaqələr qurulub: "Bizim hüquqi bazamız bu gün təxminən 80 sazişi əhatə edir. Hazırda biz əsasını davamlı biznes dialoqu, beynəlxalq tədbirlərdə birgə iştirak və prioritet sektorlarda bilik mübadiləsinin təşkil etdiyi birgə "yol xəritəsi" həyata keçiririk".
Nazir müavini qeyd edib ki, ölkələr arasında işgüzar əlaqələr əhəmiyyət kəsb edir və inkişaf etməkdə davam edir: "1995-ci ildən 2024-cü ilə qədər Almaniya investisiyalarının həcmi 900 milyon ABŞ dollarını ötüb ki, bunun da təxminən 94 %-i qeyri-neft sektorunun payına düşüb. Bu dövrdə Azərbaycanın Almaniyaya investisiyaları 600 milyon ABŞ dollarından çox olub. Cari ilin yanvar-avqust aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını üstələyib, bu isə Almaniyanı beş ən böyük ticarət tərəfdaşımızdan biri edir".