Sadır Japarov: Azərbaycanın sədrliyi altında TDT mütərəqqi inkişafını davam etdirəcək
- 07 oktyabr, 2025
- 15:12

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın sədrliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) mütərəqqi inkişafını davam etdirəcəyinə, beynəlxalq arenada nüfuzunu gücləndirəcəyinə əmin olduğunu bildirib.
Bu barədə "Report" Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
S.Japarov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı deyib ki, sammitin yekunları üzrə Qırğızıstan rəsmi olaraq sədrliyi başa çatdırır və estafeti qardaş Azərbaycana ötürür:
"Əminəm ki, Azərbaycanın sədrliyi ilə təşkilat mütərəqqi inkişafını davam etdirəcək, beynəlxalq arenada nüfuzunu gücləndirəcək, bütün türk xalqlarının rifahı naminə yeni mühüm təşəbbüsləri həyata keçirəcək".
S.Japarov, həmçinin Qırğızıstanın sədrliyini dövründə göstərdikləri dəstək və etimada görə TDT-nin üzv dövlətlərinə minnətdarlığını ifadə edib.