Vasile Soare: Rumıniya Azərbaycanın Cənubi Qafqazda sabitlik yaratmaq səylərini dəstəkləyir

Xarici siyasət
  • 01 dekabr, 2025
  • 20:07
Vasile Soare: Rumıniya Azərbaycanın Cənubi Qafqazda sabitlik yaratmaq səylərini dəstəkləyir

Rumıniya Azərbaycanın Cənubi Qafqazda sülh, sabitlik, təhlükəsizlik və rifah mühitinin yaradılmasına yönəlmiş səylərini dəstəkləyir.

"Report" xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, Rumıniya–Azərbaycan əməkdaşlığı 34 il ərzində siyasi, diplomatik, iqtisadi, enerji, nəqliyyat və əlaqəlilik, mədəniyyət, təhsil sahələrində, həmçinin iki cəmiyyət və xalq arasında olduqca əhəmiyyətli dərəcədə inkişaf edib:

"Bu illər ərzində iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq mükəmməl dinamika ilə xarakterizə olunub. Rumıniya Azərbaycanın Cənubi Qafqazda sülh, sabitlik, təhlükəsizlik və rifah mühitinin yaradılmasına yönəlmiş səylərini dəstəkləyir".

Diplomat bildirib ki, bu gün Azərbaycan həm daxildə, həm də beynəlxalq arenada böyük potensiala və iddialı məqsədlərə malik bir dövlət kimi özünü göstərir:

"Rumıniya beynəlxalq hüquq prinsiplərinə hörmətin və qaydalara əsaslanan beynəlxalq nizamın qurulmasının fəal tərəfdarıdır. Biz iqlim və təhlükəsizliyin təmin edilməsini, eləcə də beynəlxalq münasibətlərdə mehriban qonşuluq münasibətlərini qətiyyətlə dəstəkləyirik. Rumıniya xalqı son üç onillik ərzində özünü əzmlə, ən çətin böhranların öhdəsindən gəlməyə qadir və Qərb icmasında firavan gələcəyə inanan bir toplum kimi sübut edib".

V.Soare həmçinin vurğulayıb ki, Rumıniya Avropa ilə Qafqaz–Mərkəzi Asiya arasında birbaşa əlaqəni təmin edə bilən nəqliyyat qovşaqları kimi beynəlxalq müstəvidə Azərbaycan üçün hər zaman səmimi dost və dürüst tərəfdaş olub.

Diplomat eyni zamanda qeyd edib ki, hər iki ölkə 2022-ci ildən etibarən Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verə biləcək layihə üzərində çalışırlar:

"Bu da Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan yaşıl enerji dəhlizidir. Bu layihə alternativ mənbələrdən əldə olunan enerjinin birbaşa Avropa bazarına nəqlini nəzərdə tutur".

Son xəbərlər

Bütün Xəbər Lenti