Bakı Olimpiya Stadionunda WUF13 üçün 90 min kvadrat metr müvəqqəti infrastruktur inşa ediləcək
- 17 noyabr, 2025
- 14:41
Bakı Olimpiya Stadionunun ərazisində 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkili çərçivəsində təxminən 90 min kvadratmetr müvəqqəti infrastruktur qurulacaq.
"Report"un məlumatına görə, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu müvəqqəti infrastruktur forumun əsas meydanı olacaq - bütün sessiyalar, dəyirmi masalar və plenar iclaslar burada keçiriləcək.
"Konsepsiyamızın əsas elementi, şübhəsiz ki, ekspodur. O, təxminən 35 min kvadratmetr çoxsəviyyəli pavilyonları əhatə edir. Buna görə də mən bu fürsətdən istifadə edərək hökumətlərinizi ekspoda iştirak üçün sahələrin bölüşdürülməsinə başlamağa çağırmaq istərdim", - o qeyd edib.
A.Məmmədov, həmçinin əminliyini ifadə edib ki, diplomatik korpusun davamlı dəstəyi sayəsində WUF13 Azərbaycan üçün növbəti mühüm mərhələ olacaq və qlobal şəhərsalma hərəkatına mühüm töhfə verəcək.