WUF13 özəl sektoru cəlb edəcək və Azərbaycanın nailiyyətlərini təqdim edəcək
- 17 noyabr, 2025
- 14:30
13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) özəl sektorun iştirakını genişləndirmək və Azərbaycanın şəhərsalma, davamlı inkişaf və azad edilmiş ərazilərin bərpası sahəsindəki nailiyyətlərini nümayiş etdirmək üçün mühüm platforma olacaq.
"Report"un məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev tədbirlə bağlı Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, özəl sektor daha dayanıqlı şəhərlər yaradılmasında əsas rol oynayır: "WUF13 iqlim dayanıqlılığının artırılması, emissiyaların azaldılması, enerji səmərəliliyinin yüksəldilməsi və şəhər inkişafının daha davamlı modellərinin formalaşdırılması potensialına malik olan özəl sektorun genişləndirilmiş iştirakını təmin edəcək".
A.Quliyev qeyd edib ki, biznes foruma innovasiyalar, müasir texnologiyalar, miqyaslaşdırıla bilən tikinti həlləri, dəyişən iqlimə uyğunlaşdırılmış "yaşıl materiallar" və təcrübələr gətirəcək.
Onun sözlərinə görə, bütün bunlar sürətli urbanizasiya şəraitində mənzil problemlərinin həlli üçün kritik əhəmiyyətə malikdir: "Forum həmçinin iştirakçılara şəhər inkişafı, mənzil siyasəti və iqlim dayanıqlılığı sahəsində Azərbaycanın milli nailiyyətlərini, innovativ modellər və texnologiyaları nümayiş etdirmək, konkret layihələrin həyata keçirilməsi üçün tərəfdaşlıqlar qurmaq imkanı verəcək, işğaldan azad edilmiş ərazilərdə bərpa və miqyaslı inkişaf sahəsində əldə edilmiş nailiyyətlərin nümayişi üçün platforma olacaq".