Asiya-Sakit Okean hövzəsində sular isinir - ŞƏRH
- 17 noyabr, 2025
- 14:39
ABŞ və Çin arasında Asiya - Sakit okean regionunda nüfuz savaşı yeni fazaya qədəm qoyur. Bu qarşıdurmanın əsas məqsədi dünyanın ən vacib bölgələrindən birində təhlükəsizlik, ticarət və texnologiya qaydalarını kimin müəyyən edəcəyidir.
Bu iki güc arasındakı qarşıdurma əsasən hərbi siyasi sahəni, yəni hərbi bazalar, alyanslar və silahlanmanı nəzərdə tutur. Eyni zamanda, buraya iqtisadiyyat və texnologiya, yəni ticarət, infrastruktur layihələri, eləcə də diplomatiya və ideologiya, yəni idarəetmə modeli, siyasi ittifaqlar daxildir.
ABŞ Çinə qarşı əsasən Yaponiya, Cənubi Koreya, Avstraliya və Filippinlə əməkdaşlıq edərək alyanslar qurur, AUKUS bloku yaradır ki, bu bloka ABŞ, Böyük Britaniya və Avstraliya daxildir. Eyni zamanda, hərbi gücünü yaymaq, hərbi təlimlər keçirmək də Vaşinqtonun prioritetlərindən biridir. Ağ Ev düşünür ki, Çinin texnologiyalara girişini məhdudlaşdırmaqla onu zəiflədə bilər. Çin də öz növbəsində ABŞ qarşısında güc qazanmaq və regiona tam nəzarəti təmin etmək üçün "Bir kəmər, bir yol" layihəsini reallaşdırır, Papua-Yeni Qvineya, Solomon adaları, Palau və digər dövlətlərlə əlaqələrini gücləndirir, həmçinin silahlanma və hərbi donanmaya xüsusi diqqət ayırır.
Bu yaxınlarda isə məlum olub ki, Yaponiya hərbi donanmasına atom sualtı qayıqları əlavə etmək niyyətindədir. Tokioda nüvə silahları məsələsi qaldırılıb və Baş nazir Sanae Takaiçi Yaponiyanın üç qeyri-nüvə prinsipi ilə bağlı qeyri-müəyyən açıqlamalar verib. Yaponiya ilk dəfə olaraq ölkənin nüvə silahı istehsal etməmək, ona sahib olmamaq və ya yerləşdirməmək kimi qeyri-nüvə prinsiplərinin yenidən nəzərdən keçirilə biləcəyini rəsmi etiraf edib.
Parlament üzvünün sualına cavab olaraq Baş nazir bildirib ki, bu müddəaların yenilənmiş milli təhlükəsizlik strategiyasında saxlanılacağına zəmanət verə bilməz. Bu açıqlama, əslində, ölkənin on illərdir dəyişməz qalan nüvə siyasətinin yenilənəcəyinə dair siqnaldır.
Baş nazir 2024-cü ildə nəşr edilən kitabında nüvə silahlarına qoyulan qadağanı tənqid etmiş, Çin və Şimali Koreyadan artan təhdidlər qarşısında bunu "real olmayan" adlandırmışdı.
Hazırda daxili nüvə proqramından söhbət getmir. Çox güman ki, prinsiplərin yenidən nəzərdən keçirilməsi bu cür silahların ölkəyə gətirilməsidir - bu, əksər hallarda Yaponiyada Amerika nüvə silahlarının olması kimi başa düşülür. Vaşinqton və Tokioda prinsiplərin nəzərdən keçirilməsindən sonra, yəqin ki, rəsmi səviyyədə işlərə start veriləcək. Bu, regionda artan Çin nüfuzuna qarşı Vaşinqtonun addımı sayıla bilər.
Eyni zamanda, Cənubi Koreya da eyni məsələ ilə bağlı yenidən gündəmə gəlib. ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Li Ce Myonq ilə görüşdə nüvə sualtı qayığı proqramını inkişaf etdirməyə razılıq verdikdən sonra bəziləri Britaniya və amerikalıların Avstraliya Hərbi Dəniz Qüvvələrinə bu tip sualtı qayıqlar təqdim etməsi təşəbbüsü çərçivəsində AUKUS-un genişləndirilməsi barədə yenidən danışmağa başladılar. Yaponiya və Cənubi Koreya gələcək tərəfdaşlıqlar üçün tədricən təməl yaradırlar. Üstəlik, Cənubi Koreya ilə bağlı xəbərlərlə, demək olar ki, eyni vaxtda Tokio sualtı imkanlarını təkmilləşdirmək ehtiyacına işarə etməyə başladı. Müdafiə naziri Şinjiro Koizumi nüvə sualtı qayıqlarına keçidin "ciddi müzakirə tələb etdiyini" bildirib.
Bu gün yayılan məlumatlara görə isə Koreya hakimiyyəti nüvə sualtı qayıqlarının inşası üçün razılıq və layihənin nüvə komponenti ilə bağlı lazımi güzəştlər əldə edib. Lakin burada bir əmma var. Koreya-Amerika Nüvə Enerjisi Sazişi işlənmiş nüvə yanacağının təkrar emalını qadağan edir və nüvə sualtı qayıqlarının istismarı üçün əsas komponentlər olan uranın zənginləşdirilməsini məhdudlaşdırır. ABŞ hakimiyyəti müəyyən şərtlərlə zəruri prosedurlarla razılaşıb. Yəni, hər şey mövcud razılaşmaya, ABŞ qanunlarına uyğun olmalı və yalnız dinc məqsədlər üçün istifadə olunmalıdır. Yəni, sualtı qayıqların inşası üçün "yaşıl işıq" hələlik layihənin əsas elementləri kontekstində ABŞ rəhbərliyinin müəyyən edilmiş mövqeyinə heç bir təsir göstərməyib.
Eyni zamanda bu işin icrası üçün ABŞ qanunvericiliyində mümkün dəyişikliklər edilməlidir. Buna görə də ehtimal etmək olar ki, sözügedən xəbərlərin tirajlanması ABŞ-nin Çinə qarşı güc göstəricisidir və Pekinə mümkün təhdidləri ehtiva edir. Amma, eyni zamanda, ABŞ-nin qısa müddətə hüquqi mexanizm hazırlayaraq həm Cənubi Koreya, həm də Yaponiya ilə bu layihələri yaxın müddətə reallaşdırma ehtimalını da nəzərdən keçirmək lazımdır.
Bununla belə, Çinin də regionda müttəfiqlərini artırmağa, ABŞ-yə bölgədə güc sahibi olduğunu sübut etməyə çalışdığını da söyləyə bilərik. Məsələn, iyul ayında Tailand-Kamboca sərhədində hərbi əməliyyatlar ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə dayandırıldı. Daha sonra Tramp mühüm tarif danışıqlarını dondurdu və münaqişə tərəflərini cəmi iki həftə davam edən razılığa gəlməyə məcbur etdi.
Tailandın Baş naziri Anuthin Çanvirakun "artıq ticarət və tarif danışıqları ilə maraqlanmadığını" və Tramp administrasiyası sülh müqaviləsini dayandırdıqdan sonra sərt cəzalar tətbiq edərsə, ölkənin alternativ tərəfdaşlar axtarmağa hazır olduğunu söylədi. Bu açıqlamadan bir nüçə gün sonra Tailand kralı X Ramanın Çinə beşgünlük səfəri başladı. Məqsədin iki ölkə arasında diplomatik münasibətlərin bərpasının 50-ci il dönümünü qeyd etmək olduğu deyilsə də, əslində, Pekinlə bir sıra sahələrdə gizli danışıqların aparıldığı ehtimal edilir. Çünki bu səfər Tailand monarxının Çinə ilk səfəri olmaqla yanaşı, 2016-cı ildə taxta çıxdıqdan sonra ikinci xarici səfəri sayılır.
Tailandın Baş naziri və xarici işlər nazirinin rəhbərlik etdiyi böyük bir hökumət nümayəndə heyəti kralla birlikdə Pekində olub. Maraqlıdır ki, Anuthin Si Çinpinlə bu səfərdən iki həftə əvvəl Cənubi Koreyada APEC sammiti çərçivəsində görüş keçirib. Rəsmi Banqkok hələlik ABŞ-nin hərbi müttəfiqi olsa da, iki ölkə arasında son illərdə münasibətdə heç bir irəliləyiş qeydə alınmır. Amma Çin ən böyük ticarət tərəfdaşı, aparıcı investorlardan biridir və Tailand Silahlı Qüvvələrinə getdikcə daha çox silah ixrac edir. Əgər Tailand rəhbərliyi xarici siyasət prioritetlərini dəyişdirməkdə kifayət qədər irəli gedərsə, bu, Cənub-Şərqi Asiyada güc balansına böyük təsir göstərəcək. Çünki söhbət ABŞ ilə münasibətləri zəiflədib Çinlə ittifaq qurmaqdan gedir ki, bu da Vaşinqtonun planlarına ciddi təsir edə bilər.
Çinin ABŞ-yə qarşı həmlələri bununla bitmir. Rəsmi Vaşinqtonun Tayvandan regiondakı nüfuzunu artırmaq üçün plasdarm kimi istifadə etməsi sirr deyil. ABŞ-nin Tayvana silah satmaqla bağlı yeni müqaviləsi Pekinin ciddi narazılığına səbəb olub. Söhbət qırıcı təyyarələrin ehtiyat hissələrinin alımı üçün nəzərdə tutulan 330 milyon dollarlıq müqavilədən gedir. Bu, Donald Trampın yenidən prezident seçilməsindən bəri Taypey hökuməti ilə ilk silah müqaviləsidir.
Çinin Xarici İşlər Nazirliyi ərazisini müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə hazır olduğunu və Vaşinqtonun "Tayvanda müstəqillik uğrunda mübarizə aparan qüvvələri" dəstəkləməyi dayandırmalı olduğunu bildirib. Vəziyyət Tayvan boğazındakı tarazlığın kövrəkliyini ortaya qoyur: ABŞ-də hərbi müqavilələr tayvanlılar üçün "müdafiə" kimi təqdim olunur, Pekində isə onlar çinlilərə qarşı yönəlmiş təcavüz aktı kimi qəbul edilir. Tayvana edilən hərbi yardımların və müqavilələrin sayının artması Pekin-Vaşinqton münasibətlərində gərginliyin artması deməkdir.
Göründüyü kimi, Sakit okean hövzəsində sular getdikcə isinir. Bu isə gərginliyin və münaqişə riskinin artması deməkdir. Amma hadisələrin analizi göstərir ki, tərəflər arasında soyuq müharibə daha da qızışacaq. Eyni zamanda, okeanda hərbi sahədə insidentlər, Tayvanın Çin tərəfindən blokadaya alınması, kiberhücumlar ehtimalı böyükdür.
Kamil Məmmədov