Səfir: Avrasiya İqtisadi İttifaqı Azərbaycanla qarşılıqlı əlaqələri gücləndirməyə çalışır
- 27 noyabr, 2025
- 11:48
Avrasiya İqtisadi İttifaqı (Aİİ) Azərbaycanla əməkdaşlığı gücləndirməyə çalışır.
"Report"un məlumatına görə, bu barədə Belarus səfiri Dmitri Pineviç bu gün Bakıda "Avrasiya iqtisadi inteqrasiyasında iştirakın biznes üçün üstünlükləri" mövzusunda Dəyirmi masada bildirib.
"Aİİ Azərbaycan kimi dost ölkələrlə və MDB, Türk Dövlətləri Təşkilatı kimi təşkilatlarla, eləcə də digər regional və subregional təşkilatlarla əməkdaşlığı gücləndirməyə çalışır", - o qeyd edib.
Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov vurğulayıb ki, Azərbaycanın Aİİ ilə əməkdaşlığı ölkəyə xarici investisiyaların artmasına töhfə verə bilər: "Bizim (Aİİ-nin - red.) Azərbaycanla çox müsbət dialoqumuz var".
Diplomat əlavə edib ki, Azərbaycanın İttifaq ölkələri ilə ticarət dövriyyəsi artır.
Rusiya Xarici İşlər Nazirliyinin Avrasiya inteqrasiyası departamentinin perspektivli inteqrasiya layihələri şöbəsinin müdirinin müavini Valentina Pavlovna öz növbəsində qeyd edib ki, Azərbaycan Aİİ-nin sınaqdan keçmiş tərəfdaşıdır: "Əməkdaşlığın gücləndirilməsi və Azərbaycandan mal tədarükünün artırılması böyük potensiala malikdir".
V.Pavlovna qeyd edib ki, təxminən 1 800 Rusiya şirkəti Azərbaycanda təmsil olunur.
O, həmçinin ümidvar olduğunu bildirib ki, bu qarşılıqlı əlaqələr genişlənməyə davam edəcək: "Azərbaycan Avrasiya İqtisadi İttifaqı üçün mühüm cəzbetmə nöqtəsidir. Bu, ölkənin strateji coğrafi mövqeyi ilə bağlıdır. Aİİ öz tərəfindən Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafına kömək edə bilər".
Tədbirdə vurğulanıb ki, Azərbaycanın Aİİ ilə daha sıx qarşılıqlı əlaqəsi ölkənin nominal ÜDM-nin 2,3 milyard dollar artmasına, Azərbaycandan İttifaq ölkələrinə sənaye malları ixracının 91 %, xidmət ixracının 67 % artmasına səbəb ola bilər. Bundan əlavə, Aİİ-in Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 18 % arta bilər.