Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında strateji körpüyə çevrilir - ŞƏRH
- 27 noyabr, 2025
- 13:24
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri son illərdə iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirir. Birgə enerji layihələri, ticarət dəhlizləri və regional infrastruktur təşəbbüsləri iki bölgənin bir-birinə inteqrasiyasını dərinləşdirir. Bu əlaqələr iqtisadi inkişafı, enerji təhlükəsizliyini artırır, həm də siyasi və diplomatik münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu işdə isə Azərbaycan xüsusi rola və çəkiyə malikdir.
Dünyada və Avrasiyada gedən böyük geosiyasi dəyişiklərin mərkəzində dayanan Azərbaycanın bu missiyası son illər daha da sürətlənib. Qlobal nizamda yeni güc balansının formalaşması, Şərq-Qərb istiqamətində ticarət və enerji xəritəsinin yenilənməsi və region dövlətləri arasında əlaqə ehtiyacının artması Azərbaycanı daha vacib aktora çevirib. Coğrafi mövqeyi, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu sayəsində ölkə karbohidrogen və bərpaolunan enerji resurslarının Mərkəzi Asiyadan Avropaya Cənubi Qafqazdan keçməklə çatdırılmasını təmin edir. Bakı regional əməkdaşlıq və ticarət üçün etibarlı qovşaq kimi çıxış edir, enerji tranziti, logistik dəhlizlər və diplomatik əlaqələr vasitəsilə iki region arasında inteqrasiyanı gücləndirir.
Bu rol Azərbaycanı yalnız tranzit ölkə deyil, həm də regional enerji və iqtisadi lider kimi ön plana çıxarır. Xüsusən son aylarda reallaşan yüksək səviyyəli görüşlər, imzalanan sazişlər və Azərbaycanın altı ölkəni birləşdirən regional formatlara qoşulması bu rolun yalnız mövcud vəziyyətin nəticəsi olmadığını, həm də ölkənin məqsədyönlü və ardıcıl strategiyasının bəhrəsi olduğunu göstərir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tam hüquqlu üzv kimi qəbul edilməsi regiondakı inteqrasiya proseslərinin həlledici mərhələsidir. Bu qərar Cənubi Qafqaz ilə Mərkəzi Asiyası ilk dəfə olaraq rəsmi institusional çərçivədə birləşdirdi və Azərbaycanı bu iki bölgənin qovşağı kimi rəsmən tanıtdı. Mərkəzi Asiya ölkələrinin Bakını C6 formatına dəvət etməsi Azərbaycanın region üçün etibarlı tərəfdaş, sabit inkişaf modeli və strateji körpü rolunda qəbul edildiyini göstərir. Bu inteqrasiya həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik sahəsində yeni əməkdaşlıq imkanlarının açılmasına xidmət edir.
Azərbaycan iki region arasında strateji körpü rolu xüsusən nəqliyyat və enerji sektorlarında daha qabarıq formada özünü büruzə verir. Artıq uzun müddətdir regional və qlobal nəqliyyat layihələrinə imza atan rəsmi Bakı Avrasiyanın da ticarət arteriyalarının mərkəzi sayılır. Əgər bu gün dünyada ən çox müzakirə edilən marşrut Orta Dəhlizdirsə, onun Azərbaycandan keçməsi bu tranzit yolunu daha da səmərəli və faydalı edir. Xəzər hövzəsində bərə daşımalarının gücləndirilməsi, liman infrastrukturunun inkişaf etdirilməsi, Bakı-Tbilisi-Qars yolunun genişləndirilməsi və ölkədə multimodal loqistika mərkəzlərinin yaradılması Azərbaycanı Şərqlə Qərb arasında ən sürətli və etibarlı tranzit zonasına çevirib.
Təsadüfi deyil ki, elə bu səbəbdən də Mərkəzi Asiya ölkələri yüklərinin böyük bir hissəsini məhz Azərbaycan vasitəsilə Avropaya daşımaqda daha böyük fayda əldə etdiklərini vurğulayırlar. Bu isə sözügedən ölkələrlə bir sıra sahələrdə əməkdaşlığı da inkişaf etdirir. Qeyd etmək yerinə düşər ki, məhz bu əməkdaşlıq sayəsində bir neçə ay əvvəl Qazaxıstan və Türkmənistanla daşımaların koordinasiyası, gömrük prosedurlarının sadələşdirilməsi və vahid rəqəmsal tranzit sistemlərinin tətbiqi ilə bağlı müqavilələr imzalanıb. Bu, rəsmi Bakının loqistik mərkəz kimi formalaşmada konkret addımlar atdığını göstərir.
Orta Dəhliz vasitəsilə yük daşımalarının son illərdə sürətlə artması da Azərbaycanın Cənubi Qafqazla Mərkəzi Asiya arasında əsas loqistika mərkəzinə çevrilməsini sübut edir. Məsələn, əgər 2019-cu ildə ölkənin tranzit yük həcmi 8.567 milyon ton idisə, 2023-cü ildə bu rəqəm 17.433 milyona çatıb. Ötən il isə təkcə Azərbaycan Dəmir Yolları vasitəsilə 7.3 milyon ton tranzit yük daşınıb. Bu da 2023-cü ilin rəqəmləri ilə müqayisədə 5.7 faiz artım deməkdir. Cari ilin ilk 9 ayında isə Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə 24.154 milyon yük ötürülüb. Bu göstəricilər göstərir ki, Azərbaycan nəqliyyat infrastrukturu yükdaşımaları üçün əsas qovşağa çevrilib. Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yük axını Azərbaycandan keçməklə həyata keçirilir. Qeyd etmək yerinə düşər ki, daşınmalar təkcə yüklərə aid deyil. Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrinin enerji və karbohidrogen məhsulları da nəql edilir.
Yəni, nəqliyyat sahəsindən əlavə Azərbaycan həm də Avropanın, Mərkəzi Asiyanın enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevrilib. Postmüharibə dövründə ölkə başçısının uzaqgörən və uğurlu iqtisadi islahatları enerji sektoruna xüsusi diqqət ayırıb. Nəticədə Azərbaycan təkcə neft və qaz yox, eyni zamanda "yaşıl enerji" layihələrinin də lokomotivinə çevrilib. Xəzər hövzəsində bərpaolunan enerji potensialının birgə istifadəsi, Qazaxıstan və Özbəkistanın yaşıl enerji resurslarının Azərbaycandan keçməklə Avropaya çatdırılması kimi perspektivlər artıq real layihələr səviyyəsində müzakirə olunur. Azərbaycanın enerji diplomatiyası həm ənənəvi karbohidrogen marşrutlarının gücləndirilməsini, həm də alternativ enerji ixrac yollarının qurulmasını paralel şəkildə həyata keçirir. Bu, ölkəni enerji ötürülməsi baxımından əvəzolunmaz həlqəyə çevirir. Məsələn, cari ilin yay aylarında Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında razılaşma əsasında "Yeni enerji körpüsü" ortaq təşəbbüsü yaradıldı. Bu körpü elektrik enerjisinin, xüsusən də bərpaolunan enerjinin Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Avropaya daşınmasını nəzərdə tutur.
Layihənin reallaşdırılması Mərkəzi Asiyanın külək və günəş enerjisi potensialının Avropaya çatdırılması Azərbaycanın tranzit körpü kimi strateji mövqeyini daha da artıracaq. Eyni zamanda Azərbaycanın nəqliyyat dəhlizlərinə daha biri, yəni "yaşıl enerji" dəhlizi də əlavə ediləcək. Uzunmüddətli perspektivdə isə hidrogen və digər təmiz enerji daşıyıcılarının da nəqli nəzərdə tutulub. Stabil və təhlükəsiz ölkə imici sayəsində Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarını Avropaya çıxarmaqla, dünya səviyyəsində söz sahibi ölkəyə çevriləcək. Həm də bu tranzitin ölkəyə qazandırdığı gəliri, dividenti və investisiya imkanlarını da nəzərə almaq lazımdır.
Diplomatik müstəvidə Azərbaycanın fəallığı regiondakı proseslərin koordinasiyasını asanlaşdırır. Bakı həm ikitərəfli, həm çoxtərəfli səviyyədə intensiv siyasi dialoq apararaq Mərkəzi Asiya dövlətlərini Cənubi Qafqaza bağlayan siyasi platformaya çevrilib. Bu görüşlərdə təkcə iqtisadi məsələlər deyil, təhlükəsizlik, sərmayə əməkdaşlığı, humanitar əlaqələr, rəqəmsal transformasiya kimi geniş spektrli mövzular müzakirə olunur. Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq mexanizmləri region ölkələrinin maraqları ilə üst-üstə düşdüyü üçün bu təşəbbüslər sürətlə dəstək qazanır. Ölkə həm də Qafqazda sabitliyin təmin olunması, sərhədlərin demarkasiyası, kommunikasiya xətlərinin bərpası və inteqrativ iqtisadi mühitin yaradılması istiqamətində nümunəvi addımlar atır.
Əgər iqtisadi proqnozları nəzərə alsaq, əminliklə deyə bilərik ki, yaxın illərdə Orta Dəhlizlə daşınan yüklərin həcmi bir neçə dəfə artacaq. Yeni sərbəst ticarət zonalarının yaradılması, investisiya fondlarının təsis edilməsi, birgə sənaye parklarının qurulması yaxın perspektivdə reallaşacaq layihələrdəndir.
Qısacası, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa üçbucağında Azərbaycan enerji tranziti və nəqliyyat dəhlizləri baxımından strateji mərkəzə çevrilir. Eyni zamanda Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını iqtisadi, siyasi, enerji və mədəni baxımdan birləşdirən rəsmi Bakı Avrasiyada yeni əməkdaşlıq modelinin əsas memarına çevrilib.
Kamil Məmmədov