Rəşad Nəbiyev: "Azərbaycan regionun daha dayanıqlı, rəqabətqabiliyyətli və əlaqəli olmasını istəyir"
- 27 noyabr, 2025
- 13:18
Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində regionun daha dayanıqlı, rəqabətqabiliyyətli və əlaqəli olmasını hədəfləyir.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz regionlarının nəqliyyat nazirlərinin görüşündə iştirak etdik. Regional nəqliyyat dəhlizlərinin sadəcə ticarət yolları olmadığını, eyni zamanda iqtisadi rifah, davamlı inkişaf və uzunmüddətli sülhün əsasını təşkil etdiyini bildirdik.
Dəmir yolları, limanlar və yollar da daxil olmaqla fiziki infrastrukturun modernləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal infrastrukturun inkişafının prioritetimiz olduğunu diqqətə çatdırdıq", - deyə o qeyd edib.