Səfir: 27 sentyabr Cənubi Qafqazın tarixində yeni səhifədir

Xarici siyasət
  • 27 sentyabr, 2025
  • 13:26
Səfir: 27 sentyabr Cənubi Qafqazın tarixində yeni səhifədir

27 sentyabr - təkcə Anım Günü deyil, həm də Qarabağın ermənilər tərəfindən işğalına son qoyulduğu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi və Cənubi Qafqaz tarixində sülh və sabitliyə doğru yeni səhifənin açıldığı tarixdir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Bəhreynin "The Daily Tribune" nəşrində dərc olunmuş məqaləsində yazıb.

Məqalədə Vətən müharibəsindən sonrakı beş il ərzində ölkənin Qarabağ bölgəsini dirçəltməsi, orada həyatın canlanmasını, keçmiş məcburi köçkünlərin qayıdışını təmin etməsi, həmçinin sülh və inkişafı bərqərar etməsi barədə ətraflı bəhs edilir.

Ş.Abdullayev vurğulayıb ki, Azərbaycan müharibə bitdikdən dərhal sonra işğal dövründə tərk edilmiş torpaqların "ağıllı" şəhər və kəndlərə, müasir hava limanları və yollara malik bölgəyə transformasiyasına başlayıb, həmçinin kənd təsərrüfatı istehsalını bərpa edib.

"Azərbaycan regionu iqtisadi və turizm mərkəzinə çevirməyi hədəfləyir ki, bu da müasir infrastrukturun qurulması və azad edilmiş şəhərlərin inkişafı ilə dəstəklənir. Bu uğurda Prezident İlham Əliyevin xidməti danılmazdır. Onun strateji düşüncəsi və güclü rəhbərliyi ərazilərin işğaldan azad edilməsində və sülhün bərpasında mühüm rol oynayıb", - səfir qeyd edib.

Bundan başqa, o, Azərbaycanın əlverişli coğrafi mövqeyini xüsusi vurğulayıb - bunun sayəsində ölkə regional iqtisadi siyasətin strateji mərkəzinə çevrilib. "Orta Dəhlizlə yük daşımalarının həcmi hər il artır. Bu göstəricinin yaxın illərdə, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi ilə daha da artması gözlənilir", - diplomat əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti