ABŞ-nin Nyu-York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib
- 16 oktyabr, 2025
- 00:12

ABŞ-nin Nyu-York ştatında ilk dəfə çikunqunya qızdırması infeksiyasına yoluxma qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə ştatın Səhiyyə Departamenti məlumat yayıb.
"New York Times" qəzetinin məlumatına görə, virus Nyu-York ştatının Hempsted şəhərindən olan 60 yaşlı qadında sentyabr ayında aşkarlanıb. Qadın nəşrə verdiyi müsahibədə bildirib ki, son zamanlar ölkə xaricinə səyahət etməyib.
Ekspertlər qadının necə yoluxa biləcəyi barədə fərqli fikirlər irəli sürürlər: virus daşıyıcısı olan ağcaqanadın təyyarə və ya turistlərin baqajı ilə ABŞ-yə daxil ola biləcəyi ehtimal edilir. Departamentin açıqlamasına əsasən, ağcaqanad daha əvvəl xaricdə çikunqunyaya yoluxmuş şəxsi dişləyib, bundan sonra özü daşıyıcıya çevrilib və xəstəliyi digər insana ötürüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il bir sıra ölkələrdə çikunqunya xəstəliyinin yeni dalğasının müşahidə edildiyini bildirib. Virusun yayılma potensialı hələ də yüksək olaraq qalır.