Polşalı analitik: Azərbaycan və Ermənistan sülh sazişindən fayda əldə edəcək
- 03 sentyabr, 2025
- 17:23

Azərbaycan və Ermənistan arasında sülh hər iki tərəfə əhəmiyyətli fayda gətirə bilər: Ermənistan regional təcriddən çıxmaq imkanı, Azərbaycan isə Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi əldə edəcək.
"Report" xəbər verir ki, bu barədə Varşava Şərq Araşdırmaları Mərkəzinin (OSW) analitiki Voytsex Quretski "Polskie Radio" nəşrində yazıb.
Onun sözlərinə görə, ölkələr arasında etimadsızlıq güclü olub və illər boyu etibarlı vasitəçi olmayıb. "Bir zamanlar əsas vasitəçi olan Rusiya hər iki paytaxtda təsirini itirib. Danışıqlar dəfələrlə sərhəd toqquşmaları səbəbindən pozulub", - ekspert vurğulayıb.
V.Quretski qeyd edib ki, bu il irəliləyiş müşahidə olunub. Martda danışıqçılar sülh sazişinin mətninin razılaşdırıldığını bildiriblər. Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla sülhə sadiqliklərini təsdiqləyən bəyannamə imzalayıblar.
Bununla yanaşı, analitik ciddi maneələrin qaldığını vurğulayıb.
"Bakı Ermənistan konstitusiyasına düzəlişlər edilməsində israr edir, çünki preambulada "Dağlıq Qarabağ" ifadəsinin hələ də yer alması Azərbaycan tərəfindən ərazi iddiası kimi qəbul edilir. İrəvan bu cür dəyişiklikləri mümkün hesab edir, lakin konstitusiyaya dərhal dəyişiklik edilə bilməz", - o yazıb.
Eyni zamanda, V.Quretski qeyd edib ki, sərhəddə gərginlik azalıb və tərəflər Naxçıvana tranzitlə bağlı razılığa gəliblər. Ermənistanın öz suverenliyini poza biləcəyindən narahat olduğu eksterritorial "dəhliz" əvəzinə, Ermənistan və ABŞ tərəfindən birgə idarə olunan "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (Zəngəzur dəhlizi - red.) layihəsi çərçivəsində yeni avtomobil və dəmir yolu fəaliyyət göstərəcək.
"Analitiklərin şübhə ilə yanaşmasına baxmayaraq, Ermənistan və Azərbaycan, potensial olaraq həm də Ermənistan və Türkiyə arasında sülh indi hər zamankından daha yaxın görünür", - o vurğulayıb.