Özbəkistan XİN: Azərbaycanın Mərkəzi Asiya ölkələri liderlərinin görüşlərinə qoşulması formata yeni məzmun verəcək - EKSKLÜZİV

Xarici siyasət
  • 17 noyabr, 2025
  • 12:00
Özbəkistan XİN: Azərbaycanın Mərkəzi Asiya ölkələri liderlərinin görüşlərinə qoşulması formata yeni məzmun verəcək - EKSKLÜZİV

Azərbaycanın Mərkəzi Asiyanın dövlət başçılarının konsultativ görüşlərində tamhüquqlu iştirakçı kimi iştirakı bu formata keyfiyyətcə yeni məzmun verəcək.

Bu barədə "Report"a Özbəkistanın xarici işlər nazirinin müşaviri, xarici siyasət idarəsinin mətbuat katibi Ahror Burxanov bildirib.

"Özbəkistan Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının konsultativ görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması barədə noyabrın 16-da Daşkənddə qəbul edilmiş qərarını alqışlayır. Azərbaycanın – bizi minillik mədəni köklər, mənəvi yaxınlıq və dinamik inkişaf edən tərəfdaşlıq bağlayan bir ölkənin – iştirakının bu formata keyfiyyətcə yeni bir məzmun qatacağına əminik", - A.Burxanov bildirib.

Onun sözlərinə görə, bu qərar dövlətlər arasında səmimi qarşılıqlı dəstəyi, yüksək etimad səviyyəsini və bütün regionun sülh, sabitlik və rifahı naminə əməkdaşlığı dərinləşdirmək istəyini əks etdirir:

"Biz Azərbaycanın fəal iştirakının iqtisadi əlaqələri gücləndirəcəyini, ticarət və investisiya imkanlarını genişləndirəcəyini, nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin inkişafına yeni təkan verəcəyini, həmçinin energetika, rəqəmsal texnologiyalar, "yaşıl iqtisadiyyat" və humanitar sahədə əməkdaşlıq üçün əlavə üfüqlər açacağını gözləyirik".

A.Burxanov vurğulayıb ki, Azərbaycan uğurlu islahatlara dair təcrübəyə, güclü sənaye və tranzit potensialına, həmçinin beynəlxalq nüfuza malikdir:

"Azərbaycanın Mərkəzi Asiyanın dövlət başçılarının konsultativ görüşlərində iştirakı bu formatı daha güclü, daha balanslı edir. Biz əminik ki, bu qərar ölkələrimiz arasında daha sıx əməkdaşlıq bağı formalaşdırmaq üçün möhkəm təməl yaradır. Eyni zamanda, türk və Mərkəzi Asiya məkanlarının birliyinin gücləndirilməsinə mühüm töhfə verir".

Son xəbərlər

Bütün Xəbər Lenti