Nazir müavini: "Azərbaycan rəqəmsal sahədə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir"
- 17 noyabr, 2025
- 13:31
Azərbaycan rəqəmsal sahədə etibarlı tərəfdaş kimi mövqeyini güclənməyə davam edir.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov WTDC-25-lə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın telekommunikasiya sektorundakı nailiyyətlərinin və İKT sahəsində qlobal əməkdaşlığa töhfələrinin tanınmasıdır: "Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının müxtəlif komissiyalarında və işçi qruplarında fəal rol oynayır və güclü təşəbbüsləri ilə tanınır. Məhz bu fəal iştirak və qlobal telekommunikasiya gündəliyinə töhfə WTDC kimi böyük beynəlxalq konfransın Bakı şəhərində keçirilməsini mümkün edib. Tədbirin MDB məkanında ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin telekommunikasiya və innovasiyalar sahəsində artan nüfuzunun, həmçinin BTİ-i ilə uzunmüddətli və səmərəli etibarlı tərəfdaşlığın məntiqi nəticəsidir".
Nazir müavini qeyd edib ki, Azərbaycan bir çox nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib: "Dörd ildən bir keçirilən WTDC, Beynəlxalq Telekommunikasiya İttifaqının inkişaf proqramının formalaşdırılmasında strateji rol oynayır. Konfrans növbəti dörd illik dövr üçün yeni əməkdaşlıq mexanizmlərinin yaradılması üçün prioritetləri müəyyənləşdirmək imkanı verir. WTDC kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, İKT tətbiqləri, innovasiyalar, İKT tənzimlənməsi və digər sahələrin inkişafı ilə bağlı əsas mövzuların, layihələrin və proqramların müzakirəsi üçün unikal platformadır. Tədbir zamanı yeni regional təşəbbüslər elan ediləcək, müəyyən qətnamələr yenilənəcək və yeni sənədlər qəbul ediləcək".