Marko Yurişiç: Bosniya və Herseqovinada itkin düşən 7 581 nəfərin taleyi hələ də bəlli deyil
- 09 oktyabr, 2025
- 11:25

Bosniya və Herseqovinada itkin düşən 7 581 nəfərin taleyi hələ də bəlli deyil.
"Report" xəbər verir ki, bunu həmin ölkənin İtkin Düşmüş Şəxslər İnstitunun İdarə Heyətinin sədri Marko Yurişiç Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Marko Yurişiç qeyd edib ki, bu, onlar üçün böyük ağrıdır:
"Ölkəmizdə ümumilikdə 33 min insan itkin düşüb, 20 min ailə bundan vəziyyəti çəkib. İtkin düşən şəxslərin taleyi həll olmasa sülhdən danışmaq çətindir".
O həmçinin əlavə edib ki, Bosniya və Herseqovinada 25 min 550 itkin şəxsin taleyinə aydınlıq gətirilib:
"Müharibədən 30 il keçsə də, itkin düşən şəxslərlə bağlı səylər hələ də davam edir. Eyni zamanda digər dövlətlərlə birgə əməkdaşlıq edirik. Hətta bu gün Azərbaycanla da Anlaşma memorandumu imzalayacağıq. Azərbaycanlı itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı təcrübəmizi sizinlə bölüşəcəyik".