Azərbaycan Uqandada Qoşulmama Hərəkatının Nazirlər İclasında təmsil olunub

Xarici siyasət
  • 16 oktyabr, 2025
  • 12:58
Azərbaycan Uqandada Qoşulmama Hərəkatının Nazirlər İclasında təmsil olunub

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 15–16-da Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclasında təmsil olunub.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Kampala Nazirlər İclası çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı inkişafın təşviqi, Hərəkatın institusional potensialının artırılması, eləcə də Yaxın Şərqdə vəziyyət və digər aktual gündəm məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

S.Şərifov toplantının açılış seqmentində çıxış edərək ölkənin sədrlik dövründə həyata keçirdiyi təşəbbüslər, o cümlədən Hərəkatın institusional inkişafına verdiyi töhfələrə toxunub, habelə üzv ölkələr arasında həmrəyliyin və birliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə iştirakçılara məlumat verib.

Azərbaycan, həmçinin Hərəkatın keçmiş sədri və hazırkı "Troyka" üzvü qismində QH-nin Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təmsil olunub. S.Şərifov Azərbaycan dövlət başçısının 2025-ci il oktyabrın 13-də Şarm Əş-Şeyx Sülh Sammitində iştirakına vurğu edərək, ölkəsinin zirvə görüşünə dəvət alan azsaylı Hərəkat üzvlərindən biri olduğuna və bunun əhəmiyyətinə, iki dövlət prinsipi əsasında Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyinin tez bir zamanda bərqərar olmasının vacibliyinə, eləcə də ölkənin regiondakı humanitar təşəbbüslərinə diqqət çəkib.

İclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, Azərbaycan və Uqanda arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan və Somali arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb. Vurğulanıb ki, bu sənədlərin imzalanması Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi, qarşılıqlı səfərlərinin asanlaşdırılması və diplomatik əlaqələrin daha da inkişafına xidmət edir.

Son xəbərlər

Bütün Xəbər Lenti