Prezident: Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq beynəlxalq platformalarda inkişaf edir
- 13 noyabr, 2025
- 15:57
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq beynəlxalq platformalarda uğurla inkişaf edir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib:
"Hər dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslı islahatlar və cəmiyyətin bütün sahələrinin ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu nailiyyətlər dostum və qardaşım Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin göstəricisidir".
Prezident bildirib ki, ölkələr arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir:
"Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir".