Ərdoğan üçgünlük Körfəz turu çərçivəsində Küveytə yola düşüb

Xarici siyasət
  • 21 oktyabr, 2025
  • 11:56
Ərdoğan üçgünlük Körfəz turu çərçivəsində Küveytə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt, Qətər və Omanı əhatə edən üçgünlük Körfəz turu çərçivəsində Küveytə yola düşüb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Küveytdən başlayacaq səfərlər zamanı Türkiyə ilə Körfəz ölkələri arasında ikitərəfli münasibətlərin inkişafı və regional proseslər müzakirə olunacaq.

Bildirilib ki, səfərin ilk dayanacağında Türkiyə Prezidenti Küveyt əmiri ilə görüşəcək.

Körfəz turunun ikinci dayanacağı isə Qətər olacaq. Məlumata görə, sabah paytaxt Dohada R.T.Ərdoğan Qətər əmiri ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərdən başlayaraq regional məsələlərə qədər bir sıra mövzular müzakirə olunacaq. Qəzzadakı atəşkəs prosesi və bölgənin yenidən qurulması liderlərin əsas gündəm mövzularından biri olacaq.

R.T.Ərdoğan Körfəz səfərinin son dayanacağı olan Omana isə cümə axşamı gedəcək. Türkiyə Prezidenti paytaxt Masqatda Oman sultanı ilə ikitərəfli görüş keçirəcək. Görüşdə iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı, regional proseslər də dəyərləndiriləcək.

Türkiyə liderinin Körfəz turu çərçivəsində müdafiə sənayesi, enerji və investisiya sahələrində əməkdaşlığı dərinləşdirəcək yeni addımların atılması nəzərdə tutulur. Münasibətlərin inkişafı məqsədilə ikitərəfli sazişlərin imzalanması da planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti