Daşkənddə beynəlxalq konqresin iştirakçıları İslam Sivilizasiyası Mərkəzində olublar
- 13 noyabr, 2025
- 11:07
"Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" beynəlxalq konqresinin iştirakçıları Özbəkistanın paytaxtı Daşkənddə yerləşən İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, nümayəndə heyəti mərkəzdə regionun çoxəsrlik tarixini və mədəni müxtəlifliyini əks etdirən zəngin muzey ekspozisiyası ilə tanış olublar.
Qonaqlara Mərkəzi Asiyanın dövlətçiliyi, elmi və incəsənətinin inkişafına əhəmiyyətli töhfə vermiş Teymurilər, Qaraxanlılar və digər böyük sülalələrin dövrlərinə aid unikal tarixi artefaktlar təqdim edilib.
Ekskursiya zamanı iştirakçılar müxtəlif tarixi dövrlərin atmosferinə qərq olub, regionun xalqları və hökmdarlarının ənənələri, həyat tərzi və nailiyyətləri haqqında daha çox məlumat əldə ediblər.
Qeyd edək ki, bu, mərkəzdə keçirilən ilk ekskursiyadır və onun fəaliyyətinin geniş ictimaiyyət üçün açılışını simvolizə edir.