Con Herbst: TRIPP Trampın Azərbaycan və Ermənistan arasında sülhə ən vacib töhfəsidir
- 18 noyabr, 2025
- 12:23
ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə ən əhəmiyyətli töhfəsi Azərbaycan və Ermənistanın müxtəlif formatlarda uzun illər müzakirə etdiyi TRIPP nəqliyyat dəhlizi üzərində işdir.
"Report"un məlumatına görə, bunu ABŞ-nin Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru Con Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək üçün siyasi iradə nümayiş etdirib:
"Məhz buna görə o, Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı avqust ayında Ağ Evə dəvət edib. Həmin görüşdə tərəflər bir sıra mühüm razılaşmalara nail olublar. Bu da Bakı və İrəvan arasında sülhün təmin edilməsinə dair səyləri gücləndirib. Bəlkə də Donald Trampın ən mühüm töhfəsi Azərbaycan və Ermənistanın artıq çoxdandır bəhs etdiyi nəqliyyat dəhlizi üzərində işdir".
Ekspert qeyd edib ki, uzun müddət ən çətin məsələlərdən biri bu dəhlizə kimin nəzarət edəcəyi idi:
"Əgər ABŞ onun fəaliyyətinə görə məsuliyyəti öz üzərinə götürsə, eksterritoriallıq məsələsi ikinci plana keçir. Bu, Cənubi Qafqazda sülhün təmin edilməsinə böyük töhfədir".
C.Herbst əlavə edib ki, söhbət dəhlizin özündən deyil, Azərbaycan, Ermənistan, Türkiyə və Orta Asiya ölkələri arasında ticarət və investisiyalara güclü təkan verə biləcək bir mexanizmdən gedir:
"Bu da malların Orta Dəhliz çərçivəsində Avropa bazarlarına çıxışını təmin edir. Bu, fikrimcə, Tramp komandasının təkcə Azərbaycanla deyil, həm də Ermənistan və Türkiyə ilə münasibətlərdə ən mühüm nailiyyətidir".
Ekspert həmçinin qeyd edib ki, ABŞ rəhbərliyinin Cənubi Qafqaza, Azərbaycana və Mərkəzi Asiyaya müsbət və konstruktiv diqqət göstərməsi xoşdur.