Anar Vəliyev: Qərb Mərkəzi Asiya və Cənubi Qafqaza yanaşmasını dəyişir, diqqət iqtisadiyyata yönəlir
- 18 noyabr, 2025
- 13:46
Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən vahid regional məkanın formalaşmasına doğru ardıcıl surətdə irəliləyir.
"Report" xəbər verir ki, bunu ADA Universitetinin tədris işləri üzrə prorektor müşaviri, dosent Anar Vəliyev Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün regionda baş verən proseslər Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini yaxınlaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər və bu cəhd çox güman uğurlu olacaq:
"Ötən həftə əlamətdar hadisə baş verdi: Azərbaycan Mərkəzi Asiya ölkələrinin məşvərət dialoquna qoşularaq tamhüquqlu regional tərəfdaşa çevrildi. Biz Mərkəzi Asiya və Cənubi Qafqazı vahid regiona çevirmək istəyirik. Bu, bütün ölkələr üçün ahəngdar və tam dəyərli birliyin formalaşdırılması istiqamətində böyük bir fürsətdir".
Ekspert vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında müharibənin bitməsi ölkələr arasında fəaliyyətlərin razılaşdırılması və daha ahəngdar regional birliyin formalaşmasına yol açıb:
"Söhbət ölkələrin qərbyönümlü, rusiyayönümlü və ya erməniyönümlü kimi təsnif edilməsindən getmir. Biz yeni və unikal regional oyunçunun formalaşmasından danışırıq".
A.Vəliyev həmçinin Qərb tərəfdaşlarının Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əməkdaşlığa yanaşmasının dəyişdiyini qeyd edib:
"Bu gün əsas diqqət biznes və iqtisadi imkanlara yönəlib".