Brüsseldə qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququna dair konfrans keçirilib
- 28 oktyabr, 2025
- 10:21
Qərbi Azərbaycan İcması və Fransanın "CAP Freedom of Conscience" qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə Brüssel şəhərində "Beynəlxalq hüquqda qayıdış hüququ" adlı beynəlxalq konfrans keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Belçika, Fransa, Böyük Britaniya, İsveçrə, İtaliya və Azərbaycandan olan beynəlxalq hüquq üzrə mütəxəssislər, tədqiqatçı, siyasi və ictimai xadimlər qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququna dair çıxış ediblər.
Eyni zamanda, qərbi azərbaycanlıların öz tarixi torpaqlarından qovulması da daxil olmaqla ayrı-ayrı hallara toxunulub, qayıdış hüququnun fundamental hüquqlardan biri kimi beynəlxalq hüquqda təsbit olunduğu vurğulanıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxışında qərbi azərbaycanlıların öz tarixi torpaqlarından ötən əsrdə mərhələli və sistemli şəkildə didərgin salındığını diqqətə çatdırıb. O, Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmiş siyasətin nəticəsində dəymiş maddi ziyanın milyardlarla dollar həcmində olduğunu, həmçinin maddi ölçüyə sığmayan çoxəsrlik mədəni mirasın məhv edildiyini bildirib.
Ə.Ələkbərli çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistanın icma ilə dialoqa getməkdən imtina etdiyini vurğulayıb, İcmanın Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasi xəttə uyğun olaraq regionda sülh, əminamanlıq və birgəyaşayışı dəstəklədiyini, bu il avqustun 8-də Vaşinqton görüşündə əldə edilmiş tarixi qərarların regionda barışı təmin edəcəyinə əmin olduqlarını diqqətə çatdırıb.
Konfransda, həmçinin qərbi azərbaycanlıların tarixi torpaqlarında dağıdılmış mədəni mirasının nümunələrinə və abidələrinə dair fotosərgi nümayiş etdirilib. Qərbi Azərbaycan İcmasının hazırladığı çoxsaylı materiallar iştirakçılara paylanılıb.