İSB: Yaxın rüblərdə sığorta bazarında reallaşdırılan layihələrin nəticələri öz təsirini göstərəcək

Maliyyə
  • 28 oktyabr, 2025
  • 12:44
İSB: Yaxın rüblərdə sığorta bazarında reallaşdırılan layihələrin nəticələri öz təsirini göstərəcək

İcbari Sığorta Bürosu (İSB) 2025-2027-ci illər dövrü üçün fəaliyyətinin əsas istiqamətlərini, prioritetlərini və rəqəmsal transformasiya hədəflərini müəyyənləşdirib.

"Report" xəbər verir ki, bunu İSB-nin Rəqəmsal Həllərin İnkişafı Departamentinin müdiri İslam İsmayılov Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu dövrdə Büro fəaliyyətində data əsaslı qərarların qəbulunu prioritetləşdirəcək.

"Süni intellekt texnologiyalarının tətbiqi genişləndiriləcək, yeni texnoloji məhsullar hazırlanacaq. Eyni zamanda maliyyə dayanıqlığı gücləndiriləcək, korporativ idarəetmə standartları isə daha da təkmilləşdiriləcək", - deyə İ. İsmayılov qeyd edib.

O bildirib ki, artıq 2025-ci ildə bir sıra uğurlu layihələr icra olunub:

"Yaxın rüblərdə həmin layihələrin nəticələri öz təsirini göstərəcək və sektorda daha çevik, şəffaf idarəetməyə yol açacaq".

İ. İsmayılov əlavə edib ki, əsas məqsəd vətəndaşlara daha rahat və sürətli xidmət təqdim etməkdir:

"Elektronlaşma sayəsində sığorta xidmətləri artıq yalnız kağız üzərində deyil, real vaxt rejimində, tam rəqəmsal formada təqdim olunacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti