Azərbaycanın BMT yanında nümayəndələri davamlı inkişafa və insan hüquqlarına sadiqliyi vurğulayıblar
- 15 oktyabr, 2025
- 10:24

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin diplomatları təşkilatın Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.
"Report"un məlumatına görə, nümayəndəliyin müşaviri Hüsniyyə Məmmədova "Dövlət və investorlar arasında tərəfdaşlıq münasibətlərinin yenidən düşünülməsi: davamlı inkişaf sahəsində inklüziv dəyişikliklər üçün sistemli maliyyələşdirmə" mövzusunda tematik iclasda məruzə ilə çıxış edib.
H.Məmmədova Azərbaycanın innovativ yanaşmasını vurğulayıb: "Ölkəmizdə pərakəndə layihələrdən dövlət büdcələrini, güzəştli kreditləri və özəl tərəfdaşlığı səmərəli şəkildə birləşdirən inteqrasiya olunmuş layihələrə strateji keçid baş verib. Bu cür sinerji enerji və sosial infrastruktura uyğunlaşdırılmış investisiyaları həyata keçirməyə imkan verir".
Daimi nümayəndəliyin birinci katibi Şəhriyar Haciyev "İnsan hüquqlarının təşviqi və müdafiəsi" iclasında çıxış edib.
"İşgəncələrdən, habelə insan ləyaqətini alçaldan və ya qeyri-insani rəftardan və cəzalardan azad olma hüququ - zəiflədilməsinə yol verilməyən, insanın ayrılmaz hüququdur. Bunun həyata keçirilməsi üçün milli və beynəlxalq səviyyələrdə səmərəli müdafiə mexanizmləri lazımdır", - Ş.Haciyev vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycanda bu prinsiplərin gücləndirilməsinə yönəlmiş qanunverici və siyasi tədbirlər mütəmadi olaraq həyata keçirilir: "Davamlı islahatlarla yanaşı, hökumət insan hüquqları üzrə təlimlərə və maarifləndirici tədbirlərə xüsusi əhəmiyyət verir".