Azərbaycan və Mərakeş məşğulluq sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
- 23 sentyabr, 2025
- 12:32

Azərbaycan və Mərakeş məşğulluq, peşə təhsili və əmək bazarının inkişafı sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
"Report"un məlumatına görə, bunu Mərakeşin iqtisadi inteqrasiya və kiçik müəssisələr naziri Yunes Sekkuri Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iki ölkə sıx dostluq əlaqələrinə malikdir, viza rejiminin ləğvi isə daha aktiv turizm mübadiləsinə kömək edir.
Nazir islam ölkələrinin rəqəmsal və iqlim dəyişikliklərinə uyğunlaşmaq, həmçinin gəncləri əmək bazarının yeni çağırışlarına hazırlamaq üçün birgə səylərinin zəruriliyini vurğulayıb.
Y.Sekkuri qeyd edib ki, səylər çevik əmək bazarının yaradılması, peşə təhsilinin inkişafı və gənclərin iqtisadi potensialının açılması istiqamətində yönəldilməlidir.
"Bizim Azərbaycanla bölüşdüyümüz bir sıra ambisiyalarımız var. Azərbaycan Prezidenti İlham Əliyev çoxsaylı razılaşmalar əldə edib. Beləliklə, ölkənin regionda parlamasını təmin edib. Biz müəyyən mənada dinamizm, geosiyasi liderlik və strateji yerləşmə baxımından müqayisə edilə bilən ölkələrik", - o bildirib.