Avropanın yeni müdafiə arxitekturası: NATO-Rusiya Şurasının ləğvindən sonra geosiyasi dəyişikliklər – ŞƏRH
- 04 dekabr, 2025
- 16:30
2025-ci il dekabrın 3-də NATO XİN başçılarının Brüsseldə keçirilən toplantısında alyansın baş katibi Mark Rüttenin NATO-Rusiya Şurasının artıq mövcud olmaması barədə açıqlaması Avropanın müdafiə arxitekturasını yenidən dizayn etməsindən xəbər verir. 2002-ci ildə yaradılan və uzun illər Moskva ilə NATO arasında təhlükəsizlik dialoqu üçün rəsmi forum rolunu oynayan şuranın ləğvi səbəbi ilə bağlı Polşanın xarici işlər naziri Radoslav Sikroski qeyd edib ki, bu qərar Rusiyanın Ukraynaya qarşı təcavüzü və son illərdə Moskvanın apardığı aqressiv siyasət nəticəsində qəbul edilib.
Maraqlıdır ki, bəyanatdan sonra alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi, silah xərcinin artırılması və Ukraynaya dəstəyin möhkəmləndirilməsi barədə də qərarlar qəbul edilib. Bütün bunlar isə Avroatlantik təhlükəsizlik fəlsəfəsinin kökündən dəyişəcəyinin siqnalı sayıla bilər.
Eyni zamanda nəzərə almaq lazımdır ki, fəaliyyət göstərdiyi 23 il ərzində elə də lazımi qərarların qəbulu, addımların atılması ilə yadda qalmayan şuranın ləğvi artıq labüd idi. Yarandığı gündən əsas məqsədi Avropanın təhlükəsizliyində dialoqu təmin etmək, hərbi, siyasi, kiber və terrorla mübarizədə əməkdaşlığı təşviq etmək, qarşılıqlı anlaşmanı gücləndirmək olan Şura eyni zamanda nüvə təhlükəsizliyi, silahların məhdudlaşdırılması, regional münaqişələrin idarə olunmasında da fikir mübadiləsi üçün platforma rolunu oynayıb. Lakin həm 2014-cü ildə Krımın ilhaqı, həm də 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsində heç bir nəticənin əldə edilməməsi, qarşılıqlı etimadın bərpa olunmaması artıq alyansla Moskva arasındakı dialoqun formal xarakter daşıdığını üzə çıxardı. Bu isə Şuranın həm siyasi, həm də funksional baxımdan faydasızlığı demək idi. Bu səbəblərə görə də Şuranın rəsmi şəkildə ləğvi artıq lazım idi.
Eyni zamanda NATO-nun XİN başçılarının toplantısında belə bir qərarın da məhz dekabr ayında verilməsini də təsadüfi saymaq olmaz. Bu qərarın verilməsində geosiyasi və diplomatik faktorları nəzərə almaq lazımdır. Son həftələrdə rəsmi Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli üçün fəal danışıqlara başlayıb. Bu sıraya 28 bəndlik razılaşmanı, Moskvada keçirilən görüşü xüsusilə qeyd etmək yerinə düşər. ABŞ Moskva ilə təması intensivləşdirməklə yanaşı, Zelenski administrasiyası ilə də kompromis variantları müzakirə edir. ABŞ Dövlət Departamentinin açıqlamalarına görə, 2025-ci ilin son rübündə aparılan bu danışıqlar Rusiya ilə əsas prinsiplər üzrə razılaşma imkanlarını qiymətləndirməyə yönəlib, eyni zamanda Ukraynanın mövqeyini zəiflətmədən kompromis mexanizmləri hazırlamağa çalışır. Bu açıqlamalar fonunda Şuranın ləğvi bir sıra siyasi mesajlar deməkdir.
Qərb alyansı üçün artıq Rusiya dialoq tərəfdaşı yox, təhdid kimi qəbul edilir. Eyni zamanda bu qərar NATO-nun öz təhlükəsizlik strategiyasını yeni reallıqlara uyğunlaşdırdığını üzə çıxarır. Həm də addım ABŞ və NATO üçün həm Rusiya, həm də Avropa tərəfdə strateji sərhədləri aydınlaşdırmaq, həmçinin Ukrayna müharibəsində Qərbin dəstəyinin ardıcıl və şərtsiz olduğunu göstərmək məqsədini daşıyır.
Qeyd etmək lazımdır ki, Şuranın ləğvi eyni zamanda ABŞ və Avropaya Rusiya ilə əlaqələri formal strukturlar vasitəsilə yox, ikitərəfli və daha çevik kanallarla qurmağa imkan verir. Qərb qapalı diplomatik formatlar vasitəsilə Moskvanın reaksiyasını ölçə bilər. Formal institusional kanallar artıq əsas rol oynamır, qərarlar daha sürətli qəbul olunur və hər iki tərəfin reaksiyaları daha dəqiq qiymətləndirilə bilir.
Digər tərəfdən Şuranın ləğv edilməsi NATO-nun yeni doktrinası üçün də əsas təşkil edir. Alyans artıq Rusiya ilə münasibətlərdə real təhlükə və rəqabət aspektlərini ön plana çıxarır, təhlükəsizlik arxitekturasını yenidən formalaşdırır. Ehtimal etmək olar ki, artıq əvvəlki dialoq mexanizmləri yerinə kollektiv çəkindirmə və müdafiə prinsipləri daha üstün sayılacaq. Yaxın zamanlarda nüvə strategiyasında yenilənməni də müşahidə edə bilərik. Son dövrlər Almaniya başda olmaqla bir sıra dövlətlərin hərbi xərcləri artırma və silahlanmaya daha çox meyl etmə, Rusiya ilə 2028-2029-cu illərdə müharibə ehtimalı barədə açıqlama və bəyanatlar da bunu deməyə əsas verir. Artıq Şərqi Avropada hava və raket müdafiəsi infrastrukturunun gücləndirilməsi barədə söhbətlər dolaşır. Bu, NATO-nun yeni doktrinasından xəbər verir.
Bu hadisələrin fonunda isə Vaşinqtonla Brüssel arasında yeni mərhələnin başlandığını sezmək mümkündür. ABŞ və Avropa münasibətlərində bu yeni mərhələ əslində Avropanın daha çox müdafiə yükü götürməsi ilə müşayiət edilir. Çünki istənilən halda şuranın ləğvi Avropa dövlətlərini Rusiyaya qarşı daha birgə və koordinasiyalı hərəkət etməyə sövq edir. Həm də mərkəzləşdirilmiş təhlükəsizlik konsepsiyasının formalaşmasını da müşahidə etmək mümkündür. Hadisələrin bu gedişatı alyansı həm strateji, həm də siyasi baxımdan daha vahid və çevik mövqedə yerləşdirir.
Nəhayət, vurğulamaq lazımdır ki, NATO-Rusiya Şurasının ləğvindən ən çox təsirlənən məsələlərdən biri də Ukrayna müharibəsidir. Şuranın ləğvi qarşıdurmanın beynəlxalq statusunu da dəyişir. Artıq Ukraynaya hərbi yardım üçün siyasi maneələr zəifləyir. Avropa ölkələrinin silahlanmaya ciddi yanaşması və Rusiya ilə müharibə ehtimalı üzərindən hərəkət etməsi NATO ilə Moskva arasında münasibətlərin normallaşma perspektivinin olmadığını göstərir. Əgər alyans Ukraynanın müdafiəsi ilə ciddi məşğul olmağa başlasa, bu, eskalasiyanın yeni fazaya qədəm qoyması ilə nəticələnə bilər. Bu isə qarşılıqlı hibrid hücumlarının və enerji "savaşları"nın daha da qızışması demək olar. Bununla yanaşı, NATO ilə formal dialoq mexanizmlərindən məhrum olan Kreml diplomatik strategiyasında ciddi məhdudiyyətlərlə üzləşir. Moskva artıq Avroatlantik təhlükəsizlik sistemində institusional iştirak imkanını itirir, bu isə Kremlin geniş koalisiya və çoxkanallı dialoq imkanlarını xeyli daraldır. Bu isə Rusiyanın diqqət və resurslarını ABŞ ilə ikitərəfli kanallara yönəltməsinə gətirib çıxarır.
Ehtimal da etmək olar ki, Vaşinqtonun və Tramp administrasiyasının da istəyi məhz bu olub. Kreml ABŞ ilə danışıqlar aparır, NATO və Avropa alyansının artıq vahid, koordinasiyalı və qərarlarını sürətlə qəbul edə bilən bir struktura malik olması səbəbindən Avropa dövlətlərinə təsir imkanları azalır. Belə bir vəziyyət isə Moskvanın strateji çevikliyini zəiflədir. Regional və qlobal təşəbbüsə reaksiyası isə ABŞ ilə dialoqdakı mövqeyinə bağlı olur.
Hadisələrin belə gedişatı isə Moskvanı yeni addımlar atmağa, təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirməyə sövq edəcək. Yaxın zamanlarda nüvə ritorikası, hərbi təlimlərin intensivləşəcəyini proqnozlaşdırmaq olar. Bunların isə məqsədi NATO-ya psixoloji təzyiq etməkdir. Eyni zamanda Çin, İran, Şimali Koreya və digər müttəfiq ölkələrlə Rusiyanın münasibətləri daha da dərinləşə bilər və Moskva Avrasiyada NATO-ya alternativ bir hərbi alyans qurmaq fikrinə də düşə bilər. Çünki illər əvvəl qurulmuş KTMT öz funksiyasını yerinə yetirə bilmir və hətta Ermənistan kimi dövlət bu qurumun tədbirlərinə saymazyana yanaşır.
NATO da çox güman ki, kollektiv müdafiəni genişləndirmək, nüvə doktrinasını yeniləmək, texnoloji üstünlüklərə və süni intellektdən hərbi sahədə istifadəyə daha çox diqqət ayıracaq.
Kamil Məmmədov