Beynəlxalq turnirdə bombardir olan azərbaycanlı həndbolçu: "Hədəfim olimpiya çempionu olmaqdır"

Komanda
  • 04 dekabr, 2025
  • 16:27
Beynəlxalq turnirdə bombardir olan azərbaycanlı həndbolçu: Hədəfim olimpiya çempionu olmaqdır

Beynəlxalq Həndbol Federasiyasının 17 yaşadək qızlar arasında təşkil etdiyi "Trofi" turnirində 35 qolla bombardir olan Azərbaycan millisinin üzvü Luiza Nikitçenko olimpiya çempionu olmaq istəyir.

İdmançı bu barədə "Report"a açıqlama verib.

O, ilk növbədə yarışda fərqlənməsi barədə fikirlərini bölüşüb:

"Bu mükafata layiq görüldüyüm üçün şadam. Amma bu, tək mənim uğurum deyil. Həndbol komanda oyunudur. Məğlubiyyəti də, qələbəni də kollektiv əldə edir. Buna görə mükafat bütün komandamızındır. Məşqçilərimə və komanda üzvlərinə "çox sağ ol" deyirəm".

Gənc həndbolçu karyerası haqqında da danışıb:

"Hədəfim ilk növbədə yaxşı məşq etməkdir. Bundan əlavə, ölkə çempionatında layiqincə iştirak etmək və avrokuboklarda oynamaq istəyirəm. Əsas milli komandanın heyətində yer almaq və beynəlxalq arenada Azərbaycanı təmsil etməyi hədəfləyirəm. Həndbolumuzun tanınmış simaları Lüdmila Şubina və Rəfiqə Şabanova kimi olimpiya çempionu olmaq məqsədlərimdən biridir".

Qeyd edək ki, "Qarabağ"ın üzvü turnirin ən sərrast oyunçusu seçilib. Millinin heyətində Böyük Britaniya, Kosovo, Belçika və Bolqarıstan yığmlarına qarşı meydana çıxan L.Nikitçenko ümumilkdə rəqib qapılarından 35 top keçirib.

Son xəbərlər

Bütün Xəbər Lenti