XİN başçısı: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
- 04 dekabr, 2025
- 16:25
Azərbaycan və Ermənistan hazırda ikitərəfli münasibətlərdə ən dinc və sabit dövrü yaşayırlar.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxışı zamanı bildirib.
C.Bayramov qeyd edib ki, hər iki tərəf müxtəlif istiqamətlərdə - hökumət, parlament səviyyələrində və vətəndaş cəmiyyəti səviyyəsində - sülh prosesinə əlavə təkan vermək məqsədilə konkret tədbirlərin həyata keçirilməsi üçün zəruri addımlar atır.
"Azərbaycan xoşməramlı jest olaraq, birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb. Bu nailiyyətlər birbaşa ikitərəfli danışıqların irəliyə getmək üçün ən yaxşı yol olduğunu əyani şəkildə nümayiş etdirir. Azərbaycan uzun illər ərzində bu barədə çıxış edib. Sülh gündəliyinin təşəbbüskarı olaraq ölkəmiz bu yola sadiq qalır və Ermənistandan qarşılıqlı siyasi iradə və məsuliyyət gözləyir", - C.Bayramov bildirib.
Onun sözlərinə görə, ötən ilin dekabrından Bakı və İrəvan arasında münaqişədən sonrakı normallaşmada əhəmiyyətli irəliləyiş əldə edilib ki, bu da avqustun 8-də Vaşinqtonda tarixi sülh sammiti ilə yekunlaşıb.
"Sözügedən sammit nəticəsində şahid qismində ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan və Ermənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbul edilib. Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç bir şəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarını təsdiqləyiblər", - nazir qeyd edib.
C.Bayramov, həmçinin ATƏT-in hazırkı sədri kimi Finlandiyaya, təşkilatın Katibliyinə, ATƏT-in bütün üzv ölkələrinə, həmçinin Nazirlər Şurasına Minsk prosesinin bağlanması barədə qərarın operativ şəkildə qəbul edilməsinə görə təşəkkür edib.
XİN başçısı əlavə edib ki, nəticədə "əvvəllər qeyri-sabit olan ATƏT regionunda de-fakto sülh bərqərar olunub".