Avropa komissarı: Bizim Rusiyaya cavabımız dərhal, qəti və vahid olmalıdır

Digər ölkələr
  • 26 sentyabr, 2025
  • 20:10
Avropa komissarı: Bizim Rusiyaya cavabımız dərhal, qəti və vahid olmalıdır

İlkin olaraq Avropa İttifaqının (Aİ) sərhəd ölkələri üçün dron əleyhinə müdafiə sisteminin yaradılmasına yönəlmiş bugünkü müzakirənin iştirakçıları layihəni "Şərq Cinahın Müşahidəsi" ("Eastern Flank Watch") adlı daha geniş təşəbbüsə çevirmək barədə razılığa gəliblər.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Finlandiyada keçirilən müdafiə və təhlükəsizlik üzrə görüşdən sonra keçirilən mətbuat konfransında komissar Andryus Kubilyus bildirib.

Onun sözlərinə görə, "dron divarı" üç əsas komponentdən ibarət olacaq bu irimiqyaslı layihənin bir hissəsi olacaq:

"Birincisi, sərhədlərdə hərəkət əleyhinə vasitələrin daxil olduğu "quru divar"dır. İkincisi, son zamanlar dronlardan istifadə edilməklə artan təxribatların qarşısını almaq üçün nəzərdə tutulmuş "dron divarı"dır. Üçüncüsü, məsələn, Rumıniya və Bolqarıstan kimi ölkələri dənizdən gələcək təhlükədən qorumaq üçün lazım olan "dəniz divarı"dır".

Kubilyus qeyd edib ki, müzakirələrdə "cəbhəyanı" dövlətlərin - Bolqarıstan, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa və Rumıniyanın müdafiə nazirləri iştirak edib. Onlara Macarıstan və Slovakiya nümayəndələri də qoşulub. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Şurasına sədrlik edən Danimarkanın müdafiə naziri və NATO nümayəndələri videokonfrans vasitəsilə müşahidəçi qismində iştirak ediblər.

Eyni zamanda, Ukraynanın müdafiə naziri Denis Şmıqal da görüşdə iştirak edib və Kubilyus onun əvəzsiz döyüş təcrübəsini bölüşdüyünü qeyd edib.

"Rusiya Aİ və NATO-nun möhkəmliyini sınaqdan keçirir və bizim cavabımız qəti, vahid və dərhal olmalıdır. Məhz buna görə də ölkələr müzakirələrdən konkret addımlara keçməyə razılaşıb", - Kubilyus vurğulayıb.

O bildirib ki, prioritet elementi "dron divarı" olacaq "Şərq Cinahın Müşahidəsi" layihəsi bütün Avropanın maraqlarına uyğun həyata keçiriləcək.

"Cəbhə"dəki tərəfdaşlarla birlikdə və Ukrayna təcrübəsini nəzərə alaraq tərəflər pilotsuz uçuş aparatlarının aşkarlanması, izlənilməsi və ələ keçirilməsinin qabaqcıl vasitələrini birləşdirəcək sistem üçün ümumi baxış hazırlayıblar", - Kubilyus fikrini yekunlaşdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti