ATƏT PA-nın Prezidenti: Ermənistan və Azərbaycan arasında dialoq üçün platforma olacağıq
- 11 sentyabr, 2025
- 13:55

ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycan arasında dialoq üçün bir platforma olacağıq.
Bu barədə "Report"a müsahibəsində ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampyetro (Pere Joan Pons Sampietro) danışıb.
O vurğulayıb ki, ATƏT PA dialoq və sülh üçün bir vasitədir:
"Düşünürəm ki, parlament üzvləri olaraq biz Azərbaycanla Ermənistan arasında problemin həllinin bir parçası ola bildik. Burada təkcə münaqişəyə yaxın olmağı, monitorinqi nəzərdə tutmuram, həm də həllin bir parçası olmaqdan söhbət gedir. Azərbaycandan və Ermənistandan olan həmkarlarımla çoxlu söhbətlərim olub və bu proseslə bağlı həmişə irəliyə baxmalı olduğumuzu düşünmüşəm. Vyanada Daimi Şuraya (ATƏT yanında Daimi Nümayəndələrindən təşkil olunan qərar qəbuletmə orqanıdır. Daimi Şura özünün müntəzəm iclaslarını həftədə bir dəfə olmaqla Vyanada keçirir - müəl.) ilk müraciətimdə (11 sentyabrda, yəni bu gün olacaq - müəl.) çatdıracağım mesajlardan biri də məhz budur".
Prezident Assambleyanın yaranmış fürsəti əldən verməyəcəyini vurğulayıb:
"Biz ATƏT Parlament Assambleyası olaraq gələn payız sessiyasında İstanbulda Ermənistan və Azərbaycan arasında dialoqu vurğulayacağıq və bunun üçün bir platforma olacağıq. Vaşinqtonda birgə bəyannamə imzalandıqdan sonra bizim alətə çevrilməyimiz, yəni onun icrasına dəstək olmağımız önəmlidir, bu mənada sizlərin ixtiyarındayıq. Bəlkə, bu il yox, amma proses (normallaşma prosesi-müəl.) daha pozitiv mərhələyə daxil olduqca inanıram ki, birlikdə işləyə biləcəyik və İstanbul görüşü də bu çərçivədə mühüm rol oynayacaq".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.