Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir
- 01 noyabr, 2025
- 11:24
Azərbaycan və Rusiya elektron nəqliyyat qaimələrinin tətbiqi üzrə eksperimentin keçirilməsini araşdırır.
"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu "Beynəlxalq Nəqliyyat Dəhlizləri Direktorluğu" SC-nin beynəlxalq layihələr və rəqəmsallaşdırma departamentinin rəhbərinin müavini Natalya Zadonskaya bildirib.
"Biz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün ölkələri ilə işləyirik. Xüsusilə, Azərbaycanla "e-CMR"nin (elektron beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) tətbiqi üzrə pilot layihə hazırlanır. Eyni zamanda, Azərbaycan bizi elektron "icazələr"in tətbiqinə də təşviq edir. Düşünürəm ki, Rusiya bu işi davam etdirəcək", - o bildirib.
"e-CMR" beynəlxalq qaiməsi göndərən, daşıyıcı və yük alan arasında bağlanan üçtərəfli müqavilənin təsdiqidir. Elektron sənədin tətbiqi sərhədləri keçərkən əməliyyatları sürətləndirir və kağız qaiməsi ilə müqayisədə xərcləri azaldır.