"Travel Tomorrow": Bakı-Ağdam dəmir yolu marşrutunun bərpası regionun miqyaslı dirçəlişinin rəmzidir

Turizm
  • 01 sentyabr, 2025
  • 15:55
Travel Tomorrow: Bakı-Ağdam dəmir yolu marşrutunun bərpası regionun miqyaslı dirçəlişinin rəmzidir

Otuz ildən çox fasilədən sonra Bakı ilə işğaldan azad edilmiş Ağdam arasında sərnişin qatarları yenidən hərəkət edir. Bu hadisə sadəcə nəqliyyat marşrutunun açılışını deyil, həm də regionun dirçəlişini simvolizə edir.

"Report" xəbər verir ki, bu barədə jurnalist Antonio Buskardininin "Travel Tomorrow" üçün yazdığı məqalədə deyilir.

Tarixi reysin ilk sərnişinlərindən biri olan A.Buskardini səfərlə bağlı təəssüratlarını bölüşüb.

Müəllif vurğulayıb ki, marşrutun bərpası "Böyük Qayıdış" dövlət proqramının mühüm elementi olmaqla yanaşı, münaqişədən sonra Ağdamın dirçəlişində əsas rol oynayır.

Məqalədə marşrutun texniki təchizatına xüsusi diqqət yetirilir. Xəttə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan müasir FLIRT elektrik qatarları xidmət göstərir. Bu qatarlar yüksək rahatlıq və təhlükəsizlik səviyyəsi ilə fərqlənir.

Müəllif qeyd edir ki, nəqliyyat infrastrukturunun dirçəlişinin əlamətdar elementi yeni Ağdam dəmir yolu və avtobus vağzalı kompleksi – Azərbaycanda bu miqyasda ilk multimodal nəqliyyat qovşağı olub.

"Bakı və Ağdam arasında dəmir yolu əlaqəsinin başlanması Azərbaycanın bütün nəqliyyat sektoru üçün mühüm mərhələdir", - A.Buskardini vurğulayıb.

Onun fikrincə, bu, təkcə daxili turizmin inkişafı üçün yeni perspektivlər açmır, həm də azad edilmiş ərazilərin ölkənin ümumi infrastrukturuna tam inteqrasiyasına kömək edir.

Jurnalist, həmçinin bu layihənin beynəlxalq nəqliyyat dəhlizləri kontekstində strateji əhəmiyyətini qeyd edir. Azərbaycanın "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarının kəsişməsində yerləşməsi bu cür infrastruktur investisiyaları beynəlxalq əhəmiyyətli layihələrə çevirir. Bunun təsiri milli sərhədlərdən çox uzaqlarda hiss olunur.