Maqdalena Qrono: "Avropalıların Naxçıvanın inanılmaz gözəlliyini görməsi çox yaxşı olardı"
- 01 sentyabr, 2025
- 16:59

Naxçıvanın mövcud dəmir yolu infrastrukturu ilə tanışlıq əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərinin məqsədini şərh edərkən bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə keçirilən görüş konstruktiv və məhsuldar keçib: "Görüşdən çox razı qaldım, çünki əməkdaşlığa açıq və səmimi müzakirələr aparıldı. Naxçıvanın sərhədyanı ərazilərini ziyarət etmək imkanımız oldu. Bu, qarşılıqlı əlaqələrin hələ başlanğıcıdır və Vaşinqton görüşündən qısa müddət sonra bu prosesə start verilməsi çox təqdirəlayiq haldır. Təbii ki, dəmir yolu infrastrukturu bizim gündəliyimizdə mühüm yer tutur. Biz texniki uyğunluq araşdırmaları apararaq bu layihəyə töhfə verməyə hazırıq".
O əlavə edib ki, səfər çərçivəsində turizm, kənd təsərrüfatı, inşaat və digər sahələr üzrə əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə olunub: "Avropa Komissiyasını təmsil edən həmkarlarım bu səfərdə iştirak edirlər və yeni kontekstlərdə müzakirələri davam etdirməyə kifayət qədər maraqlıyıq".
"Naxçıvanın böyük turizm potensialı mövcuddur. Zənnimcə, avropalıların bu inanılmaz gözəlliyini görmələri çox yaxşı olardı," – deyə Maqdalena Qrono əlavə edib.