Azərbaycan Çin turizm bazarına hazırlığı gücləndirir

Turizm
  • 27 avqust, 2025
  • 11:19
Azərbaycan Çin turizm bazarına hazırlığı gücləndirir

Bu gün Çin dünyanın ən böyük xarici turizm bazarıdır və Azərbaycanın bu geniş bazardakı payı sabit şəkildə artır, potensial isə həqiqətən böyükdür.

“Report” xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "Çin turizm bazarına hazırlıq" adlı təlimdə bildirib.

"Ölkələrimiz arasında vizasız rejim bu artıma töhfə verən əsas amildir. Bu, Azərbaycanı çinli səyahətçilərin üstünlük verdiyi istiqamət kimi mövqeləndirmək üçün unikal fürsət yaradır. Təkcə Azərbaycanı təşviq etmək deyil, həm də yerli tərəfdaşlarımızın çinli turistlərin konkret ehtiyaclarını qarşılamağa tam hazır olmasını təmin etmək vacibdir", - o deyib.

Sədrin sözlərinə görə, onların gözləntiləri aydın şəkildə müəyyən edilib. Bu, Çin dilində danışan bələdçilər, ölkə boyunca rahat naviqasiya, hotellər, əlçatan ödəniş sistemləri və restoranlardır.

"Biz artıq bu istiqamətdə mühüm addımlar atmışıq. Bəzi hotellərdə mandarin dialektini bilən əməkdaşlar çalışır, ölkə boyunca "UnionPay" terminalları tətbiq olunur və Bakıda daha çox Çin restoranları açılır. Bu səyləri daha strukturlaşdırılmış və sistemli formatda möhkəmləndirmək üçün bu gün biz "China Ready" proqramının həyata keçirilməsinə başlayırıq. Bu proqram çinli turistləri qəbul etməyə hazır olmaq üçün ümumi səylərimiz üzərində qurulub. "China Ready" proqramı çərçivəsində əldə edilən bilik və təcrübə Çin bazarı ilə necə işləyəcəyimizi və uzunmüddətli uğurumuzu təmin edəcəyimizi müəyyən edəcək", - F.Zenqstşmid əlavə edib.