Türkiyəli nazir müavini: İslam dünyasının gəncləri Qərb ölkələrinə köçməyə məcbur qalırlar

Sosial müdafiə
  • 24 sentyabr, 2025
  • 11:04
Türkiyəli nazir müavini: İslam dünyasının gəncləri Qərb ölkələrinə köçməyə məcbur qalırlar
Lütfihak Alpkan

İslam dünyasının gəncləri daha yüksək gəlir əldə etmək üçün Qərb ölkələrinə köçməyə məcbur qalırlar.

"Report" xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkan Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qlobal bazarı nəzərdən keçirdikdə əmək onun ən mühüm tərkib hissələrindən biridir:

"Müasir dövrdə rəqəmsal texnologiyalarla birlikdə bilik də bu sistemin vacib tərkib hissəsinə çevrilib. Həmişə olduğu kimi, sərmayə də prosesin əsas dayaqlarından biridir. Lakin bilik istehsal edə bilmək üçün araşdırma və inkişaf fəaliyyətlərinə ciddi vəsait ayrılması vacibdir. Eyni zamanda, istehsal edilən məhsul və xidmətlərin bazarda tanınan markalara çevrilməsi üçün də əlavə resurs sərf olunmalıdır. Əgər islam dünyasında güclü araşdırma–inkişaf büdcələrimiz və beynəlxalq səviyyədə tanınan markalarımız olmazsa, gənclərimizin əməyinə yüksək dəyər verilmə şansı yaranmır. Çünki yüksək gəlirlər əsasən tədarük zəncirinin sonunda və ya bu prosesə moderatorluq edən beynəlxalq markaların əlində qalır".

Nazir müavini vurğulayıb ki, məhsul Çində istehsal oluna bilər, lakin onun markası ABŞ mənşəli olur:

"Oxşar vəziyyət Afrika və Asiyanın bir çox ölkələrində də müşahidə edilir – gənclərin əməyi real qarşılığını tapa bilmir. Hətta eyni təhsili almış, eyni universitetdən məzun olmuş mühəndislər belə müxtəlif ölkələrdə formalaşan əmək bazarlarında qeyri-bərabər şərtlərlə üzləşirlər. Yerli əmək bazarında rəqabət mühitinin məhdud olması səbəbindən onlar fərqli maaşlar alırlar. Bunun nəticəsində islam dünyasının gəncləri daha yüksək gəlir əldə etmək üçün beyin axını ilə Qərb ölkələrinə köçməyə məcbur qalırlar. Ölkələrində qaldıqları halda isə əsasən beynəlxalq markalar üçün çalışırlar. Bu səbəbdən islam dünyasının öz elmi-tədqiqat potensialını gücləndirməsi, öz markalarını və öz tədarük zəncirini yaratması mühüm strateji əhəmiyyət daşıyır".

Son xəbərlər

Bütün Xəbər Lenti