Spiker: Son beş ildə Azərbaycan və Serbiyanın ticarət dövriyyəsi 28 dəfə artıb
- 24 sentyabr, 2025
- 13:13

Azərbaycan və Serbiyanın ticarət dövriyyəsi 28 dəfə artıb.
"Report" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə birgə brifinqdə danışıb.
"Son beş ildə 20 milyon dollardan 560 milyon dollara çatıb. Ticarət dövriyyəmizi artırmaqda davam edəcəyik, bu istiqamətdə qərarlıyıq", - o əlavə edib.
Ana Brnabiç vurğulayıb ki, Azərbaycan ən etibarlı enerji təchizatçısıdır:
"Azərbaycanla Serbiya arasında yaxın dövrdə yeni qaz sazişi imzalamaq niyyətindəyik".
O bildirib ki, əməkdaşlığın nümunələrindən biri Serbiyanın Niş şəhərində Azərbaycan və Serbiyanın birgə sərmayəsi ilə tikilməsi nəzərdə tutulan qazla işləyən elektrik stansiyasıdır:
"Bu layihənin dəyəri 600 milyon avroya qədərdir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, müvafiq nazirliklərimiz müqavilə üzərində işi yekunlaşdırıblar və biz onu yaxın vaxtlarda imzalamağı gözləyirik".