"Raqasa" qasırğası nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb - YENİLƏNİB-2
- 24 sentyabr, 2025
- 19:03
Tayvanda dağıdıcı "Raqasa" qasırğası nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb, Çinin cənubunda təxminən 2 milyon insan təxliyə edilib.
"Report" CNN-ə istinadən xəbər verir ki, "Raqasa" tayfunu bu gün Honkonq maliyyə mərkəzini və Çinin cənub bölgələrini iflic edib.
Qasırğalı küləklə müşayiət olunan fırtına dağıntılara, sürüşmə və daşqınlara səbəb olub.
Tayvanda bəndin dağılmasından bir gün sonra 68 milyon ton su axaraq yaxınlıqdakı Quanfu qəsəbəsini basıb.
Tayvanda "Raqasa" qasırğası nəticəsində 124 nəfər itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Təbii fəlakət nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb.
Adanın Fövqəladə Hallar üzrə Əməliyyat Mərkəzinin məlumatına görə, 100-ə yaxın insan köməksiz vəziyyətdədir.
Tayvanın şərqində "Raqasa" adlı supertayfun nəticəsində dağ gölünün daşması səbəbindən azı 14 nəfər həlak olub, 18 nəfər yaralanıb, 100-dən çox insan isə itkin düşüb.
"Report" "Focus Taiwan"a istinadən xəbər verir ki, çərşənbə axşamı Tayvanın Hualyen bölgəsində əvvəlki sürüşmələr nəticəsində yaranmış göldəki bəndin dağılması nəticəsində su axını yaxınlıqdakı Quanfu qəsəbəsinə yönəlib, körpünü dağıdıb və yaşayış məntəqəsini su basıb.
Əvvəlcə yerli hakimiyyət nümayəndəsi AFP-yə bildirib ki, xilasedicilər 30 itkin şəxsi axtarır. Daha sonra Milli Yanğın Təhlükəsizliyi Agentliyi itkin düşənlərin sayının 124 nəfər olduğunu açıqlayıb.
Tayvanın müxtəlif bölgələrində "Raqasa" tayfunu səbəbindən minlərlə insan təxliyə edilib.
Honq-Konq Beynəlxalq Hava Limanı çərşənbə axşamı günündən cümə axşamına qədər uçuşları dayandırıb. Yerli "Cathay Pacific" aviaşirkəti 500-dən çox reysi ləğv etməyə məcbur olub.